Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Keyfiyyətsiz qab-qacağın zərəri

Keyfiyyətsiz qab-qacağın zərəriArtıq valideynlərimizin yerli istehsal olan qab-qacağa görə saatlarla növbədə durduğu vaxtlar geridə qalıb. Xaricdə istehsal olunmuş servizlər isə hər bir ev xanımının fəxri idi və yalnız xüsusi qonaqlar gələndə istifadə olunurdu.
Yerli qab-qacağın, qazan və tavaların keyfiyyəti bir çoxlarımızı qane edirdi. Qab-qacağın hazırlandığı materialın kimyəvi tərkibi və insan orqanizminə təsiri, zəhərlənmə halları haqqında söz-söhbətlər də gəzmirdi. İndii vəziyyət büsbütün dəyişib. Ya qab -qacaq çoxalıb, ya da ki tələbkarlığımız yüksəlib. Lakin fakt fakt olaraq qalır və ətrafımızda baş verənlərdən yan keçə bilmərik. Belə ki, yerli bazarda alıcılara təklif olunan qab-qacağın hamısı heç də təhlükəsiz deyildir.
Satılan qabların çeşidi genişdir: müxtəlif ölkələrdə istehsal olunan, müxtəlif qiymətdə və uyğun keyfiyyətdə. Hazırkı vaxta kimi bazarlarımızda melamindən hazırlanan ucuz çin qabları, plastmasdan düzəldilən İran qabları satılır. Sirr deyil ki, qaynar su ilə əlaqədə olarkən bu qağlar zərərli kimyəvi maddələr ayırır. Bu qablarda çox zaman istehsalçı göstərilmir və saxta qablar fransız, alman malı kimi təqdim olunur. Ən qəribə haldır ki, təhlükəli, lakin ucuz qablar xanımlarımız tərəfindən böyük məmnuniyyətlə alınır. Təlabat isə təklif doğurur.
Hazırda demək olar ki, bütün evlərdə avtomat elektrik çaydanlardan istifadə olunur. Bu çaydanların cəlbedici xüsusiyyəti qısa müddət ərzində suyu qaynadaraq, avtomatik sönmələridir. Çox münasibdir və qiyməti də müxtəlifdir: 50 000 manatdan 300 000 manata kimi. Lakin qiymətindən asılı olaraq, bu çaydanların bir qəribəliyi də var. Təzə çaydanlardan istifadə edənlər spesifik qoxudan şikayətlənirlər. Çaydanlarda qaynadılan suyun da keyfiyyəti (dadı, şəffaflığı) dəyişir. Bir çoxları bu hadisəyə göz yumur və çaydandan istifadə etməyə davam edir. Ümid edirlər ki, müəyyən zamandan sonra qoxu itəcək. Ancaq içəcəkləri suda hər hansı bir kimyəvi maddələrin olub-olmaması nədənsə çoxlarını narahat etmir.
Ev xanımlarımız mətbəxlərində böyük məmnuniyyətlə teflon örtüklü qablardan istifadə edirlər. Teflon materialı ilk öncə hərbçilərin diqqətini cəlb etmiş və uzun müddət radarların istehsalında istifadə olunmuşdur. Yalnız 20 il keçəndən sonra bu materialdan mətbəx qablarının istehsalında istifadə etməyə başlamışlar. Lakin teflon örtüklü qabların təhlükəsizlik məsələsi hələ də açıq qalır. İki il qabaq alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, teflon örtük qızan zaman benzol ayırır. Doğrudur, toksinlərin ayrılması temperatur 220-250 dərəcədən artıq olanda baş verir və benzolun qatılığı yol verilən həddən yüksək olmur. Zədələnmiş örtük isə daha təhlükəlidir. Əgər teflon örtüyü çəngəl və ya hər hansı bir iti əşya ilə zədələnmişsə, mütəxəssislər bu qabdan istifadə etməyi məsləhət görmürlər.
Polimerlərin toksikologiyası laboratoriyasının mütəxəssisləri iş praktikasında belə bir halı qeyd etmişdilər ki, çində istehsal olunan teflon örtüklü tava normadan 10 dəfə artıq formaldehid ayırırmış. Ona görə də, qab-qacaq seçərkən, yalnız üstündə keyfiyyət nişanı olan mallara diqqət yetirin. Onlar etibarlı sayılırlar.
Qab-qacağın keyfiyyətli olub olmamasını yalnız mütəxəssislər aydınlaşdıra bilərlər. Onların fikricə, qazan və tavalar istifadə edilən zaman yaranan xoşagəlməz qoxu heç də qabların zəhərli olmasını sübut etmir. Qoxudan azad olmaq üçün qabı yaxşaca yumaq və onda zəif sirkə məhlullu suyu qaynatmaq lazımdır.
Lakin melamindən, polistiroldan və ya plastmasdan düzəldilmiş qab-qacağın xoşagəlməz qoxusu səhhətimiz üçün təhlükə mənbəyidir. Belə ki, firma mallarından fərqli olaraq, ucuz çin qabları özündə zəhərli maddələr çələngini cəmləşdirir.
Qabların üzərinə vurulan qeyri-sabit şəkil təhlükədən xəbər verə bilər. Belə ki, şəkil çəkiləndən sonra yandırılmır və asanlıqla soyulur, qida ilə kontaktda olanda isə zəhərli maddələr ayırır. Üstü hamar olmayan qablar da keyfiyyətsizdir. Lap kənarlarına naxış çəkilmiş badə və piyalələrdən də istifadə etmək məsləhət deyil. Çünki zəhərli maddələr orqanizmə selikilə daxil ola bilər.
Unutmayın, keyfiyyətli məhsula satıcılarda, bir qayda olaraq, keyfiyyət sertifikatı və epidemioloji stansiyanın rəyi olur.

Esmira Əsədullayeva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO