Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İslam və ətraf mühit

İslam və ətraf mühitYaxın günlərdə diqqətimi News.Battery.Ru mənbəyindən alınan məlumat cəlb etdi. Belorusiya Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsinə yerli sakinləri cəlb etmək üçün keşişlərin köməyindən istifadə edirlər. Keşişlər müəyyən hazırlıq keçdikdən sonra, ibadətə gələnlərə təbiəti qorumaq, ətraf mühiti mühafizə etmək kimi anlayışları təbliğ edirlər.
İlk baxışdan məzəli görünən bu yenilik məni bir ekoloq, azərbaycanlı və nəhayət, bir müsəlman kimi düşünməyə məcbur etdi. Biz, sovet dövrünün insanları, dinə münasibətdə bir qədər etinasızlığımız ilə fərqlənirik. Sovet vaxtından etibarən milyonlarla insanların şüuruna planlı şəkildə yeridilmiş ateizm ideyaları dinə münasibətimizdə, davranışımızda iz qoymaya bilməzdi. Ruhən və mənən dinimizi, etiqadımızı qoruyub saxlasaq belə, dini biliklərə laqeydliklə yanaşmışıq.
Lakin bizim məqsədimiz dini təbliğ etmək və ya dinə olan münasibətləri araşdırmaq deyil. Sadəcə olaraq, belorus qonşularımızın təcrübəsindən istifadə edərək, islam dini və ətraf mühit haqqında düşüncələrimizi sizlərə açıqlamaqdır.
Dini baxışlar insanların bir çox meyar və dəyərlərinin mənbəyi olub, onların təbiətə münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynamış və oynamaqda davam edir. Məhz bu baxımdan, müxtəlif dinlərdə ekoloji aspektlərin tədqiqi müasir ekoloq və filosofların maraqlandıran mövzulardan biridir. Bu məqsədlə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF-World Whild Fund) beş ən geniş yayılmış dinə (buddizm, xristianlıq, islam, iudaizm və hinduizm) əsaslanan ekoloji müdrik kəlamlar məcmuəsi buraxmışdır.
Dini kitablarla ötəri tanışlıq göstərir ki, bütün dinlərdə ətraf təbii mühit və Yerin ilkin formasının qorunması məsələsi diqqət mərkəzindədir. Dünyəvi dinlərdən əvvəlki baxışlarda da ətraf təbii mühitə qayğı elementləri aydın hiss olunur.
Ətraf təbii mühitə qayğı məsələsinə islam dinində xüsusi diqqət verilir. «Qurani-Kərimdə» Yerin tamlığının, bu tamlığın qorunub saxlanmasının vacibliyi bildirilir (Yusifov, Təhməzov, 2004). İslam dini insanın yerdə hər şeyə cavabdeh olduğunu, təbii mühitin insan tərəfindən yaxşılaşdırılmasının zəruriliyini bildirir. İslam təbiət qanunlarını daim öyrənməyi, təbiətdən ədalətli və vicdanlı, bəşəriyyətin xoşbəxtliyi və rifahı naminə istifadə etməyi, başqalarını bundan məhrum etməməyi, canlılarla dostcasına, qayğı ilə rəftar etməyi tövsiyə edir. İslam dinində insanlarla xoş rəftar savab olduğu kimi, heyvanlarla da xoş rəftar savab sayılır.
Ekosistemlərin tamlığı, təbiətdə hər şeyin hər şeylə bağlılığı, yerdəki təbii balansın saxlanmasının zəruri olduğu «Əl-Qəmər» (54:49) və «Əl-Hicr» (15:19) surələrində öz əksini taparaq, hər şeyin müəyyən ölçüdə yarandığı və bir-birindən asılı olduğu bildirilir. Bitkilərin faydası, onların davamlı istifadəsi («Əbəsə», 80:24-32), təbiətdə suyun dövranı («Əl-Vaqiə» 68:69) məsələləri də «Qurani Kərimdə» öz əksini tapmışdır.
İslam insana Yer üzərində qəyyumluq funksiyası verir («Əl-Bəqərə» 2:30). Lakin bildirir ki, insan bu funksiyadan müdrikcəsinə, məsuliyyətlə istifadə etməlidir. O, təbiətin tamlığının qorunmasında cavabdehdir. «Əl-Əraf» (7:56) surəsi insanları yer üzərində ekoloji fəsadlar törətməməyə çağırır.
İslam sivilizasiyasına qədərki dövrlərdə ulu babalarımız təbiətə sığınmış, öz soy köklərini onun ayrı-ayrı elementləri ilə bağlayaraq, təbiətə komplementar münasibətlər yaratmağa çalışmışlar. İslam dinini qəbul etdikdən sonra, bu ənənə yeni, daha yüksək ictimai şüur formasında öz təşəkkülünü tapmışdır.
Beləliklə, biz burada islam dinində ətraf təbii mühitə qayğıkeş münasibəti əks etdirən bəzi ayələri nümunə gətirdik. Əgər biz, həqiqətən də dini etiqadımızı qoruyur, dini adət və ənənələrimizə əməl ediriksə, ətrafımızda olan canlı və cansızlara da qayğı ilə yanaşmalı, ətraf mühitin təmizliyini qoruyub saxlamalıyıq. Bu, hər birimizin yaxınlarımız qarşısında, gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur.

Esmira Əsədullayeva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO