Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İtirilmiş milyonlar və ətraf təbii mühit haqqında

İtirilmiş milyonlar və ətraf təbii mühit haqqındaVulkanlar haqqında təsəvvürü olmayan insan çətin tapılar. Bu haqda çoxlu kitablar yazılmış, rəvayətlər söylənilmiş, kinolar çəkilmişdir. Lakin vulkanların «kiçik qardaşlarının» – palçıq vulkanlarının bəxti o qədər də gətirməmişdir.
Palçıq vulkanı dedikdə, təsəvvürümüzdə «pıqqıldayan» palçıqla dolu bir gölməçə canlanır və bu şəkil eynimizi heç də oxşamır. Vaxtaşırı palçıq vulkanın püskürməsi nəticəsində yaranan vəziyyət isə təbiətin bu təzahürünə olan münasibətimizi pisliyə doğru kəskinləşdirir. Belə ki, Homer özü də «Odissey»ində Plutonun yeraltı dünyasına girişi «kədərli səhralıq məskəndə» – palçıq vulkanlarında təsvir etmişdir.
Palçıq vulkanı olan ərazi, dəyəri aşağı olan, problemli bir sahə kimi çoxlarımız tərəfindən qəbul edilir. Buna səbəb palçıq vulkanları haqqında məlumatsızlığımızdan irəli gəlir.
Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 kvadrat kilometr ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də ölkəmiz palçıq vulkanlarının diyarı hesab olunur. Ölkəmizdə palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürjüstan sərhədləridir.
Palçıq vulkanları kontinental və dəniz mənşəli ola bilər. Xəzər dənizində periodik sualtı proseslərin fəaliyyəti nəticəsində palçıqdan adalar yaranır, lakin dənizin suları bizlərdən yüzlərlə sualtı palçıq konusları «məharətlə» gizlədir. Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşcə əsl vulkanın kiçicik formasına bənzəyir. Lakin vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. Qazların tərkibi adi vulkan qazının tərkibinə bənzərdir. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu adətən sabit qalaraq, ən isti yay aylarında belə 15 C-ni aşmır.
Bu vulkanların püskürməsi o qədər də təhlükəsiz deyildir. Məsələn, XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini palçıq altında basdırmışdır. 1922-ci ildə Bakı ətrafında yerləşən Omanbozdağ palçıq vulkanın püskürməsi nəticəsində alov 14 km hündürlüyə yüksəlmişdir.
Adətən palçıq vulkanları neft və qaz yataqlarının yaxınlığında təsadüf olunurlar. Akademik İ.M.Qubkinin palçıq vulkanları ilə neft yataqlarının əlaqəsi nəzəriyyəsinə əsaslanaraq, Azərbaycanda məşhur Neft Daşları yatağı, Türkmənistanda isə Barsa-Kəlməs və Qotur-Təpə neft yataqları kəşf edilmişdir. Adi vulkanların vurduğu hədsiz maliyyə itkilərindən fərqli olaraq, palçıq vulkanları neft kəşfiyyat quyusu kimi də istifadə oluna bilər. Adi neft quyusunun dərinliyi 10-12 km-ə çatır və qazılması üçün milyonlarla dollar vəsait tələb olunur.
Palçıq vulkanları inşaatda geniş istifadə olunan təbii xammal kimi də qiymətli və əvəzsizdir. Vulkan gili tikinti üçün yararlıdır. Vulkan gilindən istifadə olunan kərpic isə yüksək keyfiyyətinə görə fərqlənir. Palçıq vulkanlarının iqtisadi sərfəliliyinin başqa bir tərəfi onun rekreasiya (istirahət) əhəmiyyətli təbii ehtiyat olmasından irəli gəlir. Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
Hazırkı zamanda da dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.
Biz isə tanrının bəxş etdiyi nemətlərdən məqsədəyönlü istifadə edə bilmirik. Unikal təbiət abidəsi və eyni zamanda, insanların sağlamlığı üçün müalicəvi əhəmiyyətli ərazilər diqqətdən kənarda qalır və bir ovuc məmurun əlində əhəmiyyətsiz torpaq sahəsi kimi ucuz qiymətə yaşayış evlərinin tikilməsi üçün əhaliyə satılır. Halbuki bu sahələr yaxın gələcəkdə ölkənin büdcəsi üçün gəlir mənbəyinə çevrilə bilər.
Hələlik isə ölkəmizdəki vulkanların çoxunun yaxınlığında yaşayış evləri və ictimai iaşə obyektləri tikilib. 7-ci Binəqədi şosesinin üstündə, Şaban dağının yaxınlığında yerləşən “Keyrəki” vulkanın ətrafında bu gün əməlli-başlı yaşayış məntəqəsi salınıb. Ötən il bu vulkanın güclü püskürməsi nəticəsində həmin ərazidə yaşayan əhali təşvişə düşsə də, indi orada yeni evlər tikilməyə başlanıb. Bu gün də həmin ərazidə tikinti işləri davam edir (“Mərkəz” qəzeti, 5.06.04). Tikinti işləri aparanlar üçün palçıq vulkanlarının əhali üçün yeganə üstünlüyü, yerləşdiyi ərazilərin dəyərinin ucuzlaşdırmasındadır.
Bu azdır kimi, həmvətənlərimiz dünyada misli olmayan palçıq vulkanlarının (Abşerondakı Bozdağ və Hökməli palçıq vulkanları) ərazisini zibilxanaya çevirib. Belə yerdə pulu zibillə eyniləşdirən bir aforizm yada düşür: pul bizdə zibil kimi.

Esmira Əsədullayeva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO