Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasinin Qanunu

Bu Qanun Azərbaycan Respublikasında insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından (bundan sonra – tullantılar) ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi sahəsində dövlət siyasətini müəyyən edir, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətlari tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

istehsalat tullantıları – istehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn və əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar;

məişət tullantıları (bərk məişət tullantıları) – əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;

təhlükəli tullantılar – tərkibində təhlükəli xüsusiyyətlərə roalik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;

təhlükəsiz tullantılar – ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar;

təkrar xammal – məhsul və enerji istehsalı, xidmətlər göstərilməsi zamanı təkrar istifadəyə yararlı və bu məqsədlə toplanan (hazırlanan) tullantılar;

yararsız tullantılar – istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;

tullantıların emalı – onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;

tullantıların yerləşdirilməsi – tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət;

tullantıların zərərsizləşdirilməsi – ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədi ilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.

Maddə 2. Tullantılar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Tullantılar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Qanunun tətbiq sahəsi

Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və tullantılarla bağlı fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə şamil olunur.

Maddə 4. Tullantılarla bağlı dövlət siyasətinin prinsipləri

Tullantılarla bağlı dövlət siyasətinin prinsipləri aşağıdakılardır:

Əhalinin sağlamlığını və ətraf müfitin ekoloji tarazlığının qorunması;

ekoloji tarazlığın və iqtisadi maraqların təmiri olunmasının elmi cəhətdən əsaslandırılmasıdır;

tullantılarla bağlı fəaliyyət göstəron müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi;

az tullantılı texnologiyarın yaradılması və tətbiqi;

tullantıların təsərrüfat dövriyyəsinə daxil edilməsi məqsədi ilə iqtisadi və digər stimullaşdırılan mexanizmlərindən istifadə olunması;

təbiəti mühafizə tələblərinə, ekolojitarazlıq normalarına, gigiyena normativlərinə və sanitariya qaydalarına əməl olunmasına nəzarət;

tullantıların klassifikasiyasi və pasportlaşdırılması əsasında dövlət uçotunun aparılması;

ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi;

əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;

tullantılarla bağlı fəaliyyət göstərən işçilərin sosial müdafiəsi;

tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin milli mənafelərinin nəzərə alınması.

Maddə 5. Tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri

Tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət orqanlarının vəzifələri aşağıdakılardır:

tullantılarla bağlı dövlət siyasətinin həyata keçirilməsi;

qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti;

tullantıların toplanması və emalı üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması;

müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;

tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədi ilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;

tullantılarla bağlı fəaliyyətdə ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi;

dövlət ekoloji ekspertizasının aparılması;

tullantıların transərazi daşınma qaydalarının müəyyənləşdirilməsi;

tullantılarla bağlı fəaliyyətə xüsusi razılıq sisteminin tətbiq edilməsi;

tullantılarla bağlı fəaliyyətdə dövlət standartlan, norma və normativlərinin tətbiqi;

dövlət uçotunun və hesabatının aparılması;

dövlət kadastrının aparılması;

əhalinin məlumat almasının təmin olunması;

faciə və bədbəxt hadisələrin aradan qaldırılması;

tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin layihələşdirilməsi və tikintisi;

tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, sosial və hüquqi şərtlərin təmin edilməsi;

tullantılarla bağlı fəaliyyətin yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi;

qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.

Maddə 6. Tullantılarla əlaqədar mülkiyyət münasibətləri

Qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, hüquqi və fiziki şəxslər tullantını qəbul etdiyi andan onun mülkiyyətçisi hesab edilirlər.

Mülkiyyətçi tullantıların təkrar xammal kimi istifadəsini və təkrar emal üçün digər müəssisələrə göndərilməsini təşkil etməli, istehsal prosesində əmələ gələn və təkrar istifadə olunan tullantıların uçotunu aparmalı və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidir.

II fəsil

TULLANTILARLA BAĞLI FƏALİYYƏTƏ TƏLƏBLƏR

Maddə 7. Müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulmasına aid tələblər

Müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı hüquqi və fiziki şəxslər ətraf mühitin qorunması üçün müəyyən olunan standartlara, norma və normativlərə əməl etməlidirlər. Onlarda müvafiq icra hakimiyyəti orqanlarının layihəyə dair müsbət rəyi və tullantılarla bağlı fəaliyyəti tənzimləyən digər sənədlər olmalıdır.

Maddə 8. Tullantılarla bağlı istehsalat tələbləri

İstehsal prosesində hüquqi və fiziki şəxslər:

ətraf mühitin qorunması üçün müəyyən olunan standartları, normaları və keyfiyyət üzrə tələbləri nəzərə almali;

tullantılarla bağlı fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirməli;

az tullantılı texnologiyaları mənimsəməli;

istehsal prosesində əmələ gələn tullantıları inventarlaşdirmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməli;

tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;

qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına və əhaliyə məlumat verməlidirlər.

Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur.

Maddə 9. Tullantıların emalı şərtləri

Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:

tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;

texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhtükəsiz tullantıların qarışmasına yol verilməməsi;

tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;

tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması;

ətraf mühitin mühafizəsi məqsədi ilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması;

yararsız tullantıların basdırıldığı və ya saxlanıldığı yerlərdə onların ətraf mühitdən təcrid olunması və sonradan istifadə olunma imkanlarının müəyyən edilməsi;

əmələgəlmə yerlərində və ya emal müəssisələrində tullantının təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;

tullantıların həcminin azadılmasının, emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi.

Maddə 10. Tullantıların emalı yerlərinə tələblər

Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.

Tullantıların emali yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.

Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə ətraf mühitin monitorinqi aparılmalıdır.

Tüllantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.

Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər .

Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.

Maddə 11. Tullantıların yerləşdirilməsinə tələblər

Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.

Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədi ilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində, kurort, müalicə-sağlamlıq, meşə və rekreasiya zonalarında, yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə, eləcə də faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılması qadağandır.

Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.

Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən tullantıların basdırılma yerlərinin monitorinqi aparılmalıdır.

Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.

Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədi ilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır.

Maddə 12. Yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblər

Zərərsizləşdirilmək məqsədi ilə məişət tullantıları əhali tərəfindən müəyyən olunmuş yerlərdə yerləşdirilməlidir. Müəyyən olunmayan yerlərdə bu tullantıların atılması, saxlanılması və basdırılması qadağandır.

Yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir.

Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Tullantıların daşınmasına tələblər

Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin tərmin olunmasına tələblər (norma və qaydalar) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

Təhlükəli tullantılar pasportlaşdırılmaqla yalnız xüsusi nəqliyyat vasitələrində daşınmalıdır. Tullantıların pasportu onların kəmiyyətini və təsir xüsusiyyətlərini təsdiqləyən sənəddir.

Tullantıların pasportlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 14. Tullantıların idxalı, ixracı və tranzit daşınması

Tullantıların idxalı, ixracı və tranzit daşınması Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada həyata keçirilir.

Təhlükəsiz emalı mümkün olmayanı habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirmək məqsədi ilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi qadağandır.

III fəsil

TULLANTILARLA BAĞLI FƏALİYYƏTƏ NƏZARƏT

Maddə 15. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə:

hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;

təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması;

qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;

mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;

sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;

baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;

mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;

əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;

əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;

tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.

Maddə 16. Tullantılarla bağlı istehsalat nəzarəti

Tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə istehsalat nəzarətini təşkil etməlidirlər.

İstehsalat nəzarətinin məqsədi ekoloji,sanitariya və digər tələblərin yerinə yetirilməsini yoxlamaqdan ibarətdir.

İstehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və təşkilatlar tərəfindən müəyyənləşdirilir.

Maddə 17. Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət

Tullanttlarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir.

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.

IV fəsil

TULLANTILARLA BAĞLI İQTİSADİ TƏNZİMLƏNMƏ

Maddə 18. Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə

Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onun həcmi, təhlükəlilik dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsipinə əsaslanır.

Tullantıların toplanması, yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsi üçün ödəmələr tullantının həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Hüquqi və fiziki şəxslərin ödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə sərf olunur.

Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 19. Tullantılarla bağlı normativlər

Tullantıların ətraf mühitə və insan sağlamlığına təsir həddini nizamlayan normativlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İdxal, ixrac və alqı-satqı obyekti olan tullantılar qanunvericilikdə müəyyən olunan qaydada sertifikatlaşdırılır.

Maddə 20. Tullantılarla bağlı dövlət uçotu və hesabat

Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat tədqim edirlər.

Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə müəyyən edilən müddət ərzində saxlanmasını təmin edirlər.

Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır.

Maddə 21. Tullantıların dövlət kadastrı

Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilən məlumatlar daxil edilir.

Tullantıların dövlət kadastrı tullantıların siniflərə (dərəcələrə) bölünmə sistemlərini, onların yerləşdirilməsi obyektlərinin siyahısını, bank məlumatlarını və tullantıların emal texnologiyalarını əks etdirir.

Tullantıların dövlət kadastrının aparılması qaydası və onun məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

V fəsil

YEKUN MÜDDƏALARI

Maddə 22. Beynəlxalq əməkdaşlıq

Tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir.

Maddə 23. Mübahisələrin həll edilməsi

Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra hakimiyyəti orqanları və məhkəmələr tərəfindən həll edilir.

Maddə 24. Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şehəri, 30 iyun 1998-ci H

№ 514-İQ

http://eco.gov.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO