Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Hövsan aerasiya stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur

Dekabrın 25-də əsaslı şəkildə yenidən qurulmuş Hövsan aerasiya stansiyasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısına məlumat verdi ki, Bakının çirkab sularının 60 faizi Hövsan aerasiya stansiyasında təmizlənərək dənizə axıdılır. Uzun illər istismarda olan avadanlığın köhnəlməsi və Xəzərin ekoloji təmizliyinə diqqətin artırılması stansiyanın yenidən qurulması zərurətini yaratmışdır. Dövlətimizin başçısının tapşırığına əsasən 2007-ci ilin sonlarından stansiyanın tamamilə yenidən qurulması prosesinə başlanmışdır. Stansiyanın ərazisində yeni qurğular tikilmiş, avadanlıq tamamilə təzələnmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yenidən qurulan bu stansiya nəhəng infrastruktur layihələrindən biridir.
Dövlətimizin başçısı stansiyanın idarəetmə mərkəzi ilə tanış oldu.
Prezident İlham Əliyev əvvəlcə Zığ nasos və Hövsan aerasiya stansiyalarındakı avadanlığın əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı, Abşeron yarımadasının kanalizasiya sistemi qurğularının yerləşməsi sxemi ilə tanış oldu.
“Azərsu” ASC-nin prezidenti Nizaməddin Rzayev dövlətimizin başçısına Hövsan aerasiya stansiyasının təmizləmə prosesinin texnoloji sxemi barədə məlumat verdi. Qeyd olundu ki, stansiya tam avtomatlaşdırılmışdır.
Prezident İlham Əliyevə stansiyada yeni tikilmiş və yenidən qurulmuş, eyni zamanda, tikintisi nəzərdə tutulan təmizləyici qurğular və nasos stansiyaları barədə də məlumat verildi.
Dövlətimizin başçısı stansiyanın baş planı ilə də tanış oldu. Bildirildi ki, stansiya mərkəzləşdirilmiş idarəetmə sistemi ilə işləyir və çirkab suyunun mexaniki, bioloji və kimyəvi zərərsizləşdirilməsi proseslərinə tam nəzarət olunur. Hər hansı bir nasazlıq monitorda dərhal qeydə alınır.
Prezident İlham Əliyevə Abşeron yarımadasındakı süni göllərin ekoloji durumunun yaxşılaşdırılması və çirkab sularının, həmçinin sahil boyu dənizə zərərli axıntıların qarşısının alınması və təmizlənməsi üçün lokal sutəmizləyici qurğuların tikilməsi, Bakı kəndlərinin kanalizasiya sisteminin yaradılması haqqında da ətraflı məlumat verildi.
Prezident İlham Əliyev idarəetmə mərkəzindən yeni stansiyanı işə saldı.
Sonra dövlətimizin başçısı stansiyada aparılmış yenidənqurma işləri ilə tanış oldu. Məlumat verildi ki, paxtaxtın kanalizasiya suları stansiyaya giriş kamerasından daxil olur, sonra barmaqlıqlar sexinə ötürülür.
Suyu irihəcmli yad cisimlərdən təmizləyən bu sex ən müasir texnologiya əsasında tamamilə təzələnmiş, köhnə avadanlıq yenisi ilə əvəz olunmuşdur. Sexi elektrik enerjisi ilə qidalandıran ayrıca məntəqə yaradılmışdır. Çirkab suları buradan qumdan təmizləmə sexinə ötürülür. Burada quraşdırılmış yeni texnologiya çirkab sularının ən xırda mikroorqanizmlərə qədər təmizlənməsinə imkan verir.
Dövlətimizin başçısına məlumat verildi ki, stansiyada suyun bioloji təmizlənməsini təmin etmək üçün hər birinin 36 min kubmetr tutumu olan iki çən quraşdırılmışdır. Sonrakı mərhələdə su dearatorlarda qazdan təmizlənir və təkrar dövretmə prosesi həyata keçirilir.
Prezident İlham Əliyev durulducu hovuzlara da baxdı. Dövlətimizin başçısına məlumat verildi ki, suyun durulduculara ötürülməsi üçün xüsusi kanal çəkilmişdir. Durulducu hovuzlarda lilin və suyun üzündəki maddələrin təmizlənməsi üçün xüsusi nasoslar quraşdırılmışdır. Stansiyaya lilqurutma sexi və kompressor binası da daxildir.
Stansiyanın ayrı-ayrı qurğuları ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işləri zamanı 2 saylı Zığ nasos stansiyasından Hövsan aerasiya stansiyasına uzunluğu 5 min metrdən çox olan şüşə lifli yüksək təzyiqli boru xətti çəkilmişdir.
Tikinti işləri ilə yanaşı, stansiyanın ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilmiş, geniş sahədə asfalt-beton işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Stansiyanın işıqlandırma sistemi tamamilə yeniləşdirilmişdir. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrə çatmışdır.
Hövsan aerasiya stansiyasının işçiləri və inşaatçılarla görüşən Prezident İlham Əliyev kompleksdə aparılan yenidənqurma işlərindən razılığını bildirərək dedi:
– Yaxşı yaratmısınız. Gərək yaxşı da istismar edəsiniz ki, Bakı şəhərinin bütün ekoloji problemləri həllini tapsın. Dünən ağacəkmə prosesinə başladıq, bu gün Hövsan aerasiya stansiyasının işə salınmasında iştirak edirik. Bütün bunlar onu göstərir ki, ekologiya məsələlərinə çox böyük diqqət göstərilir. Vaxtilə icrasına başlanmış bu böyük layihə artıq başa çatdı. Beləliklə, Bakının bütün kanalizasiya məsələləri yaxın zamanlarda həll olunacaqdır. Çox işlər görülüb, hələ çox işlər görülməlidir. Növbəti 2-3 ildə ətraf qəsəbələr daxil olmaqla bütün şəhərin su-kanalizasiya məsələləri tamamilə həll olunacaqdır.

www.azerbaijan-news.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO