Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Kurrikulum sənədləri beynəlxalq tələblərə uyğun hazırlanmalıdır

“kurrikulumların məzmunca hazırlanmasında tələbələrin idrak fəaliyyətinin, təfəkkürünün inkişaf etdirilməsi vacibdir”

Bu gün Azərbaycanda təhsil ölkənin ən prioritet sahələrindən birinə çevrilib. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, yeni tikilən yeni təhsil müəssisələri respublikada təhsilə göstərilən diqqət və qayğının yüksək olmasından xəbər verir. Lakin buna baxmayaraq təhsilin səviyyəsini ölkədə daha da artırmaq, gənclərin bilik səviyyəsini beynəlxaq aləmdə tanıtmaq qarşıya məqsəd kimi qoyulub. Təbii ki, belə olan halda bu sahədə daha da ciddi nəticələr verən tədbirlərin görülməsi vacibdir. Həmsöhbətimiz Təhsil Problemləri İnstitutunun baş elmi işçisi Rauf Sultanov da bu barədə danışdı.

Ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur

-Bu gün Azərbaycan Respublikasının təhsil sistemində aparılan islahatlar başqa sahələrlə müqayisədə daha çoxdur. Hazırda Azərbaycanın təhsil sistemində köklü islahatlar aparılır. Prezidentin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamına əsasən təhsil sistemi təhlil edilərək ali təhsil sistemində müəyyən problemlərin olduğu qeyd edilib. Müəyyən olunub ki, kadr hazırlığı strukturu əmək bazarının tələbatını tam ödəmir, elmi tədqiqatların nəticələri təhsilə zəif inteqrə olunub, ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur, ali təhsil müəssisələri şəbəkəsi təkmil deyil, ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsili müasir tələblərə cavab vermir, eləcə də ali məktəb tələbələri və məzunlarının hazırlıq səviyyəsi onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan vermir, istiqamətlər üzrə standartların yeniləşməsinə baxmayaraq, tədris planlarında hələ də lüzumsuz qeyri ixtisas fənləri mövcuddur, bakalvr və magistratura pillələrindən bir çox ixtisaslar üzrə dərsliklər çatışmır, bəzənsə məzmunca köhnəlmiş ədəbiyyatdan istifadə edilir, tələbələrin tədris olunan fənləri mənimsəmə səviyyəsini müəyyənləşdirən monitorinq mexanizmi olmadığından biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilir. Prezidentin sərəncamında hazırda təhsil sistemində olan nöqsanlar açıq-aydın qeyd edilir. Əslində bunları nöqsan da adlandırmaq olmaz, çünki bu onunla əlaqədardır ki, bizim təhsilimiz dünya təhsil sisteminə, xüsusən Avropa təhsil sisteminə inteqrasiya olunur. İnteqrasiya ilə əlaqədar müəyyən problemlər ortaya çıxır.

Məqsədlərdən biri kredit sisteminin tətbiqidir

– Dünyada təhsilin müsir texnologiya əsasında qurulması vacib məsələlərdən biridir. Son illərdə Təhsil Nazirliyi tərəfindən çoxlu islahatlar aparılır. Bu islahatlar əsasən təhsilin məzmunun yeniləşməsini bu istiqamətdə yeni proqram və vəsaitlərin hazırlanmasını, təhsilin idarə olunmasının təkmilləşməsini, təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsini, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsini əhatə edir. İlk növbədə ali təhsil ixtisaslarının Avropa təsnifat ixtisasına və əmək bazarına uyğunlaşdırılması, tədris plan və proqramlarının təhsil resurslarının, müasir fənn resurslarının müasir fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarını təmin edən elmi metodik tövsiyələrin hazırlanması və tətbiqinin nəzərdə tutulması əsas götürülür. Həmçinin qarşıya qoyulan məqsədlərdən biri kredit sisteminin tətbiqidir.Təhsildə kredit sisteminin tətbiqi mövcud əlaqədar kurrikulum sənədlərinin olmasından asılı olmayaraq onun yerlərdə icra mexanizminin necə yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir.

Milli kurrikuluma keçid

-Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməsi təhsilin keyfiyyətinin artırılmasına səbəb ola bilər. Ona görə də ali pedaqoji təhsil kurrikulumlarının ümumi nəzəri, pedaqoji, psixoloji məsələlərinin işlənib hazırlanması önəmlidir. Mən Təhsil Problemləri İnstitutunda ali pedaqoji təhsillə əlaqədar kurrikulumların hazırlanmasının nəzəri psixoloji, pedaqoji əsasları istiqamətində tədqiqat işləri aparıram. Ali təhsil müəssisələrində kurrikulumların məzmunca hazırlanması, tələbələrin idrak fəaliyyətinin, təfəkkürünün inkişaf etdirilməsi vacibdir. Tələbələrin idrak fəaliyyətinin inkişaf etdirilməsi üçün müəllimlər interaktiv təlim üsullarından, diskussiyadan, təlimlərdən, müşahidələrdən, müsahibələrdən istifadə etməlidirlər. Təhsil modelinin qiymətləndirilməsinin xüsusi konsepsiyası hazırlanmalıdır. Bu da tələbələrin qiymətləndirilməsinin təşkilini göstərməlidir ki, bu zaman onların biliyi əsas götürülsün və biliyi əsasında onlar mükafatlandırılsınlar. İlin magistrı, ilin bakalavrı, ən yaxşı tələbəsi kimi mükafatlandırma stimullaşdırıcı tədbirlərdən olmalıdır. Bir şeyi də qeyd edim ki, tələbəni, şagirdi yormaq olmaz. Yaxşı olardı ki, abituriyentlər ümumi məktəbdə aldıqları qiymətlər əsasında universitetlərə qəbul edilsinlər və profil fənləri oxuduqları müddətdə keçirilsin. Özünü doğrultmayan tələbələr universitetlərdən azad edilməlidir. Xaricdə belə fəaliyyət növü var; şagird hansı məktəbə qoyulursa, qoyulmuş şagirdin müqabilində məktəbə vəsait ayrılır. Bununla da ali təhsil müəssisələri arasında sağlam rəqabət olur.
Bu gün kurrikulum konseptual xarakterli çərçivə sənədi olub ali təhsil üzrə təlim nəticələrini və məqbul standartlarını ali təhsil pilləsi üçün təyin olunan fənnləri mühazirə, məşğələ və digər tədris növlərinin illik saatlarının miqdarını pedaqoji prosesin təşkili təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq üzrə əsas prinsiplərdə fənn kurrikulumunun tutuqluğunu əhatə edir. İnformasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə milli kurrikulum sənədlərinin beynəlxaq tələblərə uyğun hazırlanmasının əhəmiyyəti böyükdür. Respublika hökuməti ilə Dünya Bankı arasında ikinci kredit sazişinə əsasən 2003-2007-ci illəri əhatə edən təhsil standartlarının inkişaf layihəsini həyata keçirib. Kurrikulum islahatının ali komponenti bilavasitə ümumitəhsilin məzmunun genişləndirilməsi sahəsində aparılan islahatları əhatə edir. Ümumi təhsil məktəblərinin ibtidai siniflərində artıq kurrikulum tətbiq edilib. Lakin ən böyük çatışmamazlığımız ondan ibarətdir ki, ibtidai siniflərdə tədris edən müəllimlərin hazırlığı müasir tələblərə cavab vermir. Elə olur ki, bu gün ali pedaqoji məktəbi qurtaran ibtiadi sinif müəlimi məktəbə təyinat aldıqdan sonra yenidən kurrikulumla əlaqədar olaraq müəyyən kurs keçməli olur.Halbuki müəllim kurrikulumla əlaqədar dərs deyirsə o, artıq məktəbə hazır vəziyyətdə gəlməlidir. Demək, ümumtəhsil məktəbləri ilə ali pedaqoji məktəblər arasında varislik prinsipi yoxdur. Müəllim hazırlığına xüsusi diqqət vermək lazımdır. Onu da xatırlatmaq yerinə düşər ki, 2006-cı ildə ali pedaqoji təhsil üzrə 21 istiqamətdə müəllim hazırlığı ilə əlaqədar ali ixtisas təhsilinin dövlət standartları hazırlanıb. Lakin ali pedaqoji təhsil müəssisələrində aparılan təhlillər göstərir ki, 2006-cı ildə dövlət standartları hazırlansa da, orda göstərilən fənlər üzrə yeni fənn proqramların cəmi 30 fazi hazırlanıb. Halbuki 3 il ərzində dövlət standartlarına uyğun dərsliklər hazırlanaraq tətbiq edilməli idi. Amma bu gün köhnə dövrdən miras qalmış dərsliklərdən geniş istifadə edilir.

İbtidai siniflər üçün yeni kurrikulum əsasında dərsliklər hazırlanıb. Həmin dərsliklərin keyfiyyəti baxımından nə deyə bilərsiz?

-Bu istiqamətdə təhsil nazirliyi məqsədyönlü işlər aparıb. Bütün hazırlanan məzmun proqramları yüksək səviyyədədir.Hazırlanan proqramlar, standartlar üzərində şagirdlərin biliyinin qiymətləndirilməsi istiqamətində və idarə olunma prinsipi əsasında çox böyük işlər aparılıb.Yəni burada həm ümumi təhsil müəssisələrində, ali məktəblərdə yeni kredit sistemi ilə, boloniya ilə əlaqədar olaraq burada əsas yeniliklər təhsildə yeni demokratik humanist prinsiplərə əsaslanması götürülür. Məsələn ali məktəblərdə kredit sistemində tələbəyə sərbəstlik verilir. Yəni tələbə müəllimin yaradıcı qabiliyyəti ilə tanış olduqdan sonra hansı müəllimin ona dərs deməsini o özü seçir. Belə olan halda müəllim hiss edir ki, onun dərslikləri proqramları pedaqoji qabiliyyəti nəzərə alınır. Bundan başqa boloniya prosesində kredit sisteminə keçidlə əlaqədar olaraq tələbə özü üçün kredit faizlərindən asılı olaraq ardıcıllıqla hansı kreditləri götürəcəyini özü müəyyənləşdirir. Bu kredit sistemində tələbənin, ümumiyyətlə,təhsil prosesində yaradıcılıq qabiliyyəti bilik səviyyəsi onun təhsildə olan marağı və bu zaman onun bilik qazanmaq qabiliyyəti əsas götürülərək nəzərə alınır.
Bir məqamı da qeyd edim ki, Prezidentin 22 may 2009-cu il 295- ci sərəncamına əsasən Təhsil Nazirliyinin fəaliyyət proqramı hazırlanıb. Fəaliyyət proqramında Təhsil Nazirliyi olduqca müxtəlif istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini planlaşdırıb. Əlbəttə, əgər bu planlaşdırılan məsələlər həyata keçirilərsə, güman etmək olar ki, 5-10 ildə respublikada təhsilin səviyyəsi yüksək olar. Lakin mənim burada bir iradım ondan ibarətdir ki, Təhsil Nazirliyinin hazırladığı fəaliyyət proqramında hər bir tədbirin həyata keçirilməsi üçün müəyyən vəsait tələb olunur. Əgər bu vəsait yüksək məbləğdə ayrılmazsa onda bu fəaliyyətin həyata keçirilməsi çox çətinləşər. Çox vacib məsələdir ki, hər hansı bir tədbir həyata keçirildikdə sərmayə qoyulsun.Əks halda bu mümkün deyil. Hesab edirəm ki, həmin fəaliyyət proqramına görə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 50- 100 milyon manat da kifayət etməz. Çünki bu təhsil nazirliyinin fəaliyyət proqramında xarici ölkələrdən fənn proqramlarının, dərsliklərin gətirilərək onların tərcümə edilməsi nəzərdə tutulub ki, bunlar üçün də çox vəsait tələb olunur. Ali təhsil müəssisələrində bu gün 5 – 6 minə qədər fənn tədris olunur. Bu qədər tədris proqramının, onun standartlarının, dərs vəsaitlərinin və lazımi bazanın yaradılması üçün 5-10 ildə 3-4 milyard vəsait lazımdır.

Xaricdə təhsil alanların geri qayıtması

– Qeyd edim ki, çox vəsait ayrılsa da, tələbələrin çoxu xaricə gedə bilmir, çünki dil bilmirlər. Gedənlər də gəlib vətəndə işləməkdə maraqlı deyillər. Səbəbsə burda onların istədikləri əmək haqqının ala bilməməlidir. Lakin xaricdə onlar yüksək təhsil müqabilində yüksək əmək haqqı ilə olan işlə təmin oluna bilirlər. Əgər burada onlar üçün lazımi şərait yaransa, onlar Azərbaycana qayıdaraq burada işləməyinin tərəfdarı olarlar. Əslində bizdə çox intellektual öz biliklərini nümayiş etdirməyi bacaran kadrlar var, təəssüf ki, onlar üçün şərait yoxdur. Belə kadrlar bildiklərini də praktikada istiafədə edə bilmirlər. Hər şeydən əvvəl müəllimlərin, savadlı kadrların sosial müdafiəsi həll olunmalıdır. Belə olarsa, əvvəllər respublikadan getmiş ziyalı kadrlar da geri qayıda bilər.

“Təhsil haqqında” yeni qanun

-Təəssüf ki, çox gec qəbul edildi. Amma bugünkü reallığa cavab verir, çox amillər nəzərə alınıb. Lakin idarəetmə ilə əlaqədar olaraq demokratik humanist prinsiplərin həyata keçirilməsinə çox da əhəmiyyət verilməyib. Tədris müəssisələrinin rəhbərlərinin kollektiv tərəfindən seçilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, bu məsələ orada öz əksini tapmadı. Avropa ölkələrində belə bir praktika var. Lakin buna baxmayaraq qanunda Avropa elminə inteqrasiya kimi məsələlər çox yerində seçilib. Amma əsası qanuna göstərilən müddəaları lazımı səviyyədə həyata keçirməkdir. Mən arzu edirəm ki, başlanmış təhsil islahatları uğurla həyata keçirilsin və hər bir ziyalımız bu sahəyə öz töhfəsini vermiş olsun. Bu gün bir sıra universitetlərin BDU-da, Xarici Dillər Universitetində müəyyən qabaqcıl təcrübələri tətbiq edilməyə başlayıb. Bu, vacib işlərdən biridir. Dövlət universitetlərimiz də Qafqaz Universiteti kimi fəaliyyət göstərsə, yüksək nəticələr əldə etmək olar. Orda dərslərin ingilis dilində keçirilməsi çox uğurlardan xəbər verir. Bir şeyi də qeyd edim ki, təhsildə uğura nail olmaq istəyiriksə, informasiya texnologiyalarının inkişafına daha çox təkan vermək lazımdır. 1985-ci ildə Böyük Britaniyada bütün ümumi təhsil müəssisələrində uşaqlar kompüterlərlə təmin edilmişdi. Halbuki onda bizdə bir kompüter də yox idi. 1990-cı ildə isə bütün Avropa İttifaqı ölkələrində şagirdlər kompüterlərdən istifadə edirdilər.

G. Bünyadzadə
“Paritet” qəzeti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO