Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Müasir ekoloji mütəxəssisin bilik səviyyəsi bacarıq və vərdişlərə əsaslanmalıdır”

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ekologiya kafedrasının professoru Rauf Sultanovdur:

– Ümumiyyətlə, xaricdə o elmi öyrənirlər ki, insanlar o elmdən xeyir götürür və xeyir verir. Bizdə abituriyentlər 2-3 il əziyyət çəkir ki, ali məktəbə daxil olsun, ancaq önəmli odur ki, bu biliklər ona nə verir. Əgər uşaq heç bir vəsait sərf etmədən ali məktəbə daxil olarsa, valideyn də həmin vəsaiti uşağın mütəxəssis kimi hazırlanmasına sərf edər ki, nəticədə o da yaxşı bir mütəxəssis olar. Test imtahanından 700 bal toplamaq abituriyentlər üçün mühüm amildir, uğurdur. Bu, ali məktəbə daxil olmaq üçün bir prosesdir. Düzdür, onların intellektual səviyyəsi güclüdür. Əsas odur ki, ali məktəbdə oxuyarkən onların intellektual səviyyəsindən ölkəmizin elm və təhsil ocaqlarında istifadə edə bilirikmi? Məsələn, bu gün Tibb Universitetini bitirən məzunların bir qismi həkim kimi deyil, gedib iş adamı kimi fəaliyyət göstərir. Əgər tibb ocağını bitirən mütəxəssis bizə lazımdırsa, onu yetişdirək. Amma o, öz sahəsində çalışa bilməyəcəksə, bu kimə lazımdır? Yəni kadrı şüurlu surətdə, sistemli, ardıcıl, planlı şəkildə hazırlayıb istifadə etmək lazımdır. Yüksək səviyyəli kadrların yetişməsi ilə əlaqədar olaraq həm dövlət, həm də QHT-lər səviyyəsində daha geniş işlər aparılmalıdır. Məsələn, hazırda ölkədə fəaliyyət göstərən Diplomatiya Akademiyasında gözəl kadrlar hazırlanır. Xaricə inteqrasiya olmaq üçün Azərbaycanda hər bir insanın ikinci dili ingilis dili olmalıdır. İngilis dili dünyaya bir pəncərədir. Ümumiyyətlə, əgər ali məktəbdə oxuyan bir tələbə, yaxud orada təhsil verən müəllim informasiya və kommunikasiya texnologiyalarından istifadə edə bilmirsə, orada yaxşı kadrın yaradılmasından söhbət gedə bilməz. Biz özümüzü MDB ölkələrilə deyil, inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. Ölkə başçısı da öz çıxışlarında dəfələrlə təhsilin vacib olduğunu vurğulayıb. Biz təbii sərvətimiz olan neftdən istifadə etməklə müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamalıyıq.

– Bu gün ölkədə ekologiya sahəsində təhsil səviyyəsi sizi qane edirmi?

– Hazırda ölkəmizdə yeni-yeni ixtisaslar üzrə kadrlar hazırlanır. Onlardan bir qismi kimi yeni tələblərə cavab verən ekologiya istiqamətində mütəxəssislərin hazırlanması prosesi gedir. Artıq BDU-da həm bakalavr, həm magistr, həm də doktorantura səviyyəsində bu proses davam edir. Bunun nəticəsində təhsildə müəyyən tələblərə uyğun fakültə, kafedra, dərsliklər az da olsa müəllimlərin, tələbələrin istifadəsinə verilib. ADPU-da da I-III kurslarda ekologiya ixtisası üzrə bakalavr pilləsində təhsil verilir. Bu ixtisas üzrə yeni dərsliklər, proqramlar lazımdır. Bu istiqamətdə ölkəmizdə də müəyyən işlər görülür. Amma görüləsi işlər də çoxdur. Vacib məsələlərdən biri odur ki, müasir ekoloji mütəxəssisin hazıırlanması üçün mütləq onların bilik səviyyəsi bacarıq və vərdişlərə əsaslanmalıdır. Yəni biliklə yanaşı onların ekologiya istiqamətində vərdişlərə yiyələnməsi vacibdir. Qarşıda duran əsas vəzifələrdən biri də odur ki, ekologiya sahəsində elmlərin tətbiqi prosesi daha da genişləndirilsin. Bu ixtisas üzrə ilk dəfə kadrların hazırlanması prosesi getdiyi üçün hər il müəyyən yeniliklər, prinsipial yanaşmalar dəyişdirilir. Kadrların yetişdirilməsi əsas faktorlardan biri olsa da, onların gələcəkdə işlə təmin olunması ən vacib məsələlərdən biridir və buna da diqqət artırılmalıdır. Ekologiya elə bir sahədir ki, onun bioloji, kimyəvi, kənd təsərrüfatı, texniki istiqaməti var və bu fənlər üzrə ekoloqlar hazırlanır. Fabriklərdə, zavodlarda ekoloji mühitə nəzarət edilməsi, monitorinqlərin keçirilməsi istiqamətində mütəxəssislərin hazırlanması məqsədilə bu sahədə beynəlxalq təcrübəni öyrənməliyik. Ümumiyyətlə, bu istiqamətdə beynəlxalq təcrübəni kifayət qədər öyrənə bilməmişik ki, bu da böyük nöqsanlarımızdan biridir. Xarici təcrübənin öyrənilməməsinin əsas səbəblərindən biri də məhz bizdə xarici dil probleminin olmasıdır ki, bunun üçün də xarici dillərin öyrənilməsinə diqqət artırılmalıdır və bu, xüsusilə ekologiya sahəsinə də aiddir. Xarici dil əsas fənlərlə eyni dərəcədə tutulmalıdır, bu istiqamətdə tədris prosesində müəyyən işlərin aparılması vacibdir. Ekologiya mühazirələr şəklində olmamalıdır, istehsalatda, həmçinin müəyyən ekoloji mühit problemi olan yerdə təcrübənin aparılması və göstərilməsi önəmli amildir. Bu sahədə dərs vəsaitlərinə gəldikdə isə ilk dəfə Təhsil Problemləri İnstitutu tərəfindən kurrikulumların tələbinə cavab verə biləcək “Ümumi ekologiya” dərsliyi nümunə olaraq hazırlanıb. Mənim, professor N.Sadıqova və Ü.Ataşovanın müəllifliyi ilə hazırlanan bu dərsliyin başqa dərsliklərdən fərqinə gəldikdə isə qeyd edim ki, ekologiya özü inteqrativ elmdir və bu baxımdan da biz inteqrativ dərslik yaratdıq. Bu dərslik də coğrafiya, biologiya, kimya, torpaqşünaslıq sahələri üçün yazılıb. Fundamental elmin tətbiqi ilə əlaqədar hər bir ixtisas üçün 15 mövzu ayrılır. Burada isə 60 mövzu verilib. Bu kitabın imkanları ondan ibarətdir ki, əgər tələbə müxtəlif sahələrlə maraqlanırsa, bu dərslik bilik mənbəyi kimi onun köməyinə çatır. Xaricdə əsasən belə dərsliklərdən istifadə edilir. Bu birinci dərslikdir və biz istəyirik ki, tətbiqi ekologiya, sonra isə təcrübi ekologiya kitablarını hazırlayaq. Ölkəmizin bütün ali təhsil ocaqlarında, kolleclərində bu istiqamətdə dərsliklərin hazirlanması vacibdir.

– Özəl təhsilə münasibətiniz necədir?

– Bu gün özəl təhsil sahəsində müəyyən yeniliklər var. Təhsil haqqında qanunda özəl ilə dövlət tədris müəssisələri arasında fərq qoyulmur. Ali təhsil ocaqlarını bitirdikdən sonra məzunlara verilən sənəd, diplom eyni səviyyədədir. Amma özəl ali məktəbi bitirən tələbə dövlət təhsil müəssisəsini bitirən tələbə ilə müqayisədə işlə təmin olunduqda ona yanaşma müəssisələrdə çox pis vəziyyətdədir. Yəni özəl universiteti bitirənə yaxşı mütəxəssis kimi baxılmır. Özəl sahəyə diqqəti daha da artırmaq lazımdır. Onlara sərbəstlik vermək lazımdır. Xaricdə özəl universitetlərin təhsil haqları ölkəmizlə müqayisədə 3-4 dəfə artıqdır. Belə ki, təhsil haqları yüksək olan universitetlərdə dərsin keyfiyyətinin artırılmasına da müəyyən xərclər qoyulur. Bu gün özəllə dövlət təhsil sistemi arasında müəyyən uçurum var və bu uçurumu aradan qaldırmaq lazımdır. Onu da qeyd edim ki, heç kim tam ştatla özəl ali təhsil müəssisələrində çalışmaq istəmir. Çünki davamlı fəaliyyətinə etibar etmir və gələcəkdə işini itirməkdən qorxur. Bu gün özəl ali məktəblərdə daimi müəllim kollektivinin işləməsi çox vacib məsələlərdən biridir. Həmin məsələlər həll oluna qədər özəl universitetlərdə problemlər mövcud olacaq.

– Hazırda universitetlərdəki imtahanların səviyyəsi sizi qane edirmi?

– Bu gün ali tədris müəssisələrində imtahanlar test üsulu ilə həyata keçirilir. Yəni müəllimlə tələbə arasındakı münasibəti aradan götürmək üçün bu prosesə daha çox üstünlük verilir. Onu da qeyd edim ki, tələbə gördüyünün 30-40 faizini, eşitdiyinin 20 faizini mənimsəyir. Amma tələbə gördüyünü, eşitdiyini özü danışdıqda verilən biliyin 70-80 faizinə malik olur. Ona görə də tələbə imtahan prosesində danışmalıdır. Test zamanı tələbənin danışıq qabiliyyəti inkişaf edə bilmir, biliyini formalaşdırıb çatdırmaq qabiliyyəti zəif olur. İmtahanların tamamilə test üsulu ilə götürülməsi bir qədər tələbələrin nitq mədəniyyətinə, onların təfəkkürünün inkişafına təsir edən mənfi amillərdən biridir. Əgər müəllim həmin ali təhsil ocağında çalışırsa, ona inanmaq lazımdır. Əks təqdirdə, yəni o müəllimə inam yoxdursa, onun orada çalışmasına ehtiyac yoxdur. Mənim fikrimcə, ali təhsil ocaqlarında imtahanın tamamilə test üsulu ilə keçirilməsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var ki, bu istiqamətdə də müəyyən işlərin görülməsi vacibdir.

Nigar

www.palitra.net.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO