Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Su israfçılığının qarşısını necə almalı?

Bu gün dünyada həyat mənbəyi olan içməli su problemi müxtəlif dövlət və hökumət rəhbərlərini, eləcə də alim və mütəxəssisləri narahat edən başlıca problemlər sırasındadır. Buna görə də sudan səmərəli istifadə və israfçılığa yol verməmək mühüm şərtdir.
Dünyada hər il 1,6 milyon insan təmiz su tapmadığı üçün dünyasını dəyişir.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2005-2015-ci illər “Su həyat üçün” Beynəlxalq onillik fəaliyyət ili elan edilib. Hər il martın 22-də isə Beynəlxalq Su Ehtiyatları Günü qeyd edilir. Dünyanın dörddə üçü suyla əhatəli olsa da, bunun sadəcə yüzdə biri içməli su kimi istifadə olunur. Dünyadakı bütün suyun yüzdə 96-sı duzlu sudur. Geriyə qalan yüzdə 4 həcmində şirin suyun böyük bir hissəsi də buzlaqlarla əhatə olunub. İstifadəyə yararlı suyun dünyada qeyri-bərabər paylanması, əhali artımı və quraqlıq kimi səbəblər nəticəsində yüz milyonlarla insan susuzluq təhlükəsi ilə qarşı-qarşıyadır. Dünyada 1 milyard insan yetərincə içməli sudan məhrumdur. 2 milyarddan artıq insan isə təmiz içməli suya həsrətdir. 2025-ci ildən etibarən 3 milyard insanın su qıtlığı ilə üzləşəcəyi, bu rəqəmin 2050-ci ildə 4 milyarda çatacağı gözlənilir. Dünyada su istifadəsi son 50 ildə güclü bir şəkildə artıb. 1940-cı ildə dünyada bütün su istifadəsi ildə 1 000 m3 olduğu halda bu miqdar 1960-cı ildə ikiyə yüksəlib, 1990-cı ildə 4 130 m3-ə çatıb. Su ehtiyatına görə ölkələr təsnifatlandırıldığı zaman ildə adambaşına ortalama istifadə edilən suyun miqdarı 1 000 m3-dən az olan ölkələr “su yoxsulu”, 2 000 m3-dən az olan ölkələr “su azlığı”, 8 000 – 10 000 m3-dən çox olan ölkələr isə “su zəngini” olaraq qəbul edilib. BMT-nin son məlumatına görə, dünya əhalisinin altıda biri, yəni bir milyarddan artıq insan təmiz içməli su ilə təmin oluna bilmir. BMT iqlim dəyişikliyi ilə bərabər quraqlığın artması, yağıntıların həcminin dəyişməsi, buzlaqlardan əriyən su miqdarının da azalması nəticəsində bu rəqəmin önümüzdəki 20 il içərisində daha da artmasının gözlənildiyini bildirib. Afrikada bir insan gündə orta hesabla beş saatını təmiz su tapmağa sərf edir. Hər il 1,6 milyon insan təmiz su tapmadığı üçün dünyasını dəyişir. Bunların yüzdə 90-nı beş yaşına çatmamış uşaqlardır.BMT-nin hesabatına görə, hər 15 saniyədə bir uşaq su çatışmazlığının yaratdığı xəstəliklərin qurbanı olur. Dünyada 26-30 ölkə “su yoxsulu” sinfinə daxildir. Bu ölkələr yüksək əhali artımına malikdir və böyük bir qısmi Afrika qitəsi və Orta Şərq regionunda yerləşir. Afrikada 11 ölkə, 300 milyon əhali su problemi ilə üz-üzədir. Hesablamalara görə, 30 il ərzində 52 ölkə, 2050-ci ildə isə 65 ölkə su qıtlığı çəkən ölkələr sinfinə daxil olacaq. Ölkəmizdə əhalinin su ilə təminatı istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Belə ki, yeni su təchizatı və kanalizasiya obyektləri tikilib istismara verilir, digər zəruri tədbirlər yerinə yetirilir. Görülən tədbirlər əhalinin içməli su ilə fasiləsiz təminatına müsbət təsir göstərir. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-2010-cu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 rayonun 156 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 300 mindən artıq əhali içməli su ilə təmin edilib. 2007-2009-cu illər ərzində ölkənin 12 rayonunun 122 kəndində sutəmizləyici qurğuların alınaraq quraşdırılması və supaylayıcı şəbəkənin yaradılması üçün 15597,5 min manat vəsait ayrılıb. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi işlərinin davam etdirilməsi məqsədilə ölkə başçısının 2009-cu il 25 iyun tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılıb. 2010-cu il ərzində 16 rayonun (Sabirabad, İmişli, Neftçala, Salyan, Kürdəmir, Biləsuvar, Ağsu, Hacıqabul, Göyçay, Saatlı, Ucar, Zərdab, Yevlax, Füzuli, Beyləqan, Samux) 76 min nəfərdən çox əhalisi olan 34 kəndində İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Cari ildə Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Bundan başqa ölkə başçısı tərəfindən 2011-ci il 1 fevral tarixinə qədər əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalandı. Beləliklə, bu gün ölkədə həyata keçirilən tədbirlər nəticəsində əhalinin su problemi aradan qaldırılır. Bəs əhali bu sudan səmərəli istifadə edirmi? Təəssüf ki, bu gün əhalinin sudan istifadə zamanı israfçılığının şahidi oluruq. Belə ki, evlərdə, xüsusilə də həyət evlərində su borularının saatlarla açıq qalmasını, yaxud su çənlərinin dolub-daşdığını müşahidə etsək də, ev sahibləri buna əhəmiyyət vermirlər.

Rauf Sultanov: “Sudan səmərəli istifadə etmək üçün hər bir ərazidə içməli suya olan normativi müəyyənləşdirmək lazımdır”

Ölkəmizdə istifadə olunan suyun bir hissəsinin digər ölkələrin, bir qisminin isə öz ölkəmizin payına düşdüyünü deyən Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovun sözlərinə görə, Bakı və Sumqayıtın içməli su probleminin həlli istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür: “Kür çayından iki qolun Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi önəmli məsələlərdən biridir. Oğuz-Qəbələ su kəmərinin çəkilişi üçün xeyli məbləğdə vəsait sərf edilib. Bu kəmərin eyni zamanda böyük strateji əhəmiyyəti var ki, bu artezian suları örtülü şəkildə Bakıya gətirilir və müəyyən hadisə, müharibə vəziyyəti olarsa, əhali içməli su ilə təmin oluna bilər. Bu sudan əgər səmərəli istifadə etsək, Bakının suya olan tələbatını iki dəfə artıq ödəmək mümkündür. Bu gün məhz əsas problemlərdən biri odur ki, biz sudan səmərəli istifadə edə bilmirik. Doğrudur, yaşıllıqların suvarılması vacibdir, amma bu, yağış sularının toplanıb istifadə edilməsi ilə həll oluna bilər. Hazırda Bakıda çoxsaylı avtomobil var və bu maşınlar çirkləndikcə davamlı olaraq yuyulur ki, bu zaman artıq su sərf olunur. Məncə, sudan daha səmərəli istifadə etmək üçün hər bir ərazidə içməli suya olan normativi müəyyənləşdirmək, həmin normativ əsasında əhalinin içməli sudan istifadəsini təmin etmək lazımdır. Həmin normadan artıq istifadə olunan su daha baha qiymətə əhaliyə verilməlidir”. Ən çox israfçılıq hallarının həyət evlərində müşahidə olunduğunu deyən R.Sultanov bildirdi ki, əhali həmin sudan istifadəyə pul ödəmədiyi üçün israfçılığa yol verir. İsrafçılıq nəticəsində isə su problemi daim yarana bilər: “Bu gün su problemi ölkələr arasında müharibələrə səbəb olur. Unutmamalıyıq ki, bir sıra xarici ölkələr içməli su probleminin həlli üçün milyardlarla pul sərf edirlər. Ölkəmizdə sudan səmərəli istifadəyə nəzarətlə yanaşı bu sahədə QHT-lər əhalinin maariflənməsi istiqamətində böyük iş aparmalıdır. Sudan səmərəli istifadə yollarını göstərməlidirlər. Sudan istifadə ilə bağlı qanunda müəyyən boşluqlar var ki, əhalinin sudan istifadə qaydaları daha da sərtləşdirilməlidir”.

“Azərsu”: “İsrafçılıq əsasən sayğac olmayan həyət evlərindədir”

“Azərsu”ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, bu sahədə həyata keçirilməsi vacib olan ən böyük tədbir sayğacların tətbiqidir. Məqsəd odur ki, əhali, istehlakçılar dayanıqlı və keyfiyyətli su alsınlar və onun haqqını ödəsinlər. Bildirildi ki, bu gün israfçılıq halları mövcuddur və bu, əsasən sayğac olmayan həyət evlərindədir. Eyni zamanda qeyri-qanuni qoşulmalar var ki, bağçaları, ağacları suvarmaq üçün sayğac çox yazmasın və əlavə pul ödənməsin deyə ikinci bir xətt çəkirlər. Qeyd edildi ki, “Azərsu” ASC-də bununla bağlı Kommersiya departamentində xüsusi nəzarət şöbəsi fəaliyyət göstərir. Sahə ərazi müfəttişləri artıq bunun qarşısını almaq üçün daimi reydlər aparırlar. Mövcud problemlərə qarşı konkret tədbirlər görülür. Yəni qeyri-qanuni oğurluq halları olduqda aktlaşdırılır və müəyyən qədər sanksiya tətbiq olunur. Bu gün sayğac olmayan yerdə hər nəfərə görə 5 kubmetr su təşkil edir. Amma həyət evlərində yaz-yay aylarında suvarma ilə bağlı artıq istifadə halları var. Bildirildi ki, bunun qarşısının alınmasının asan yolu isə sayğacların quraşdırılmasıdır. Əgər istehlakçı görsə ki, su boş yerə axıdılır və vəsait ödəmir, həmin israfçılığın qarşısının alınmasına heç bir maraq göstərməyəcək. Ancaq onun haqqını ödədikdə məcbur olacaq ki, qənaət etsin. İsrafçılıq nəticədə yenə əhalinin özü üçün problem yaradır. Belə ki, xəttin bu başındakı suyu açıq qoyduqda digər tərəfdəki abunəçi su ala bilmir. Nəzarət hallarının həyata keçirildiyi bir sıra həyət evlərində qeyri-qanuni birləşmələr var ki, bunların qarşısını almaq istiqamətində də tədbirlər görülür. O da vurğulandı ki, KİV-lərdə israfçılığın qarşısının alınması ilə bağlı kifayət qədər maarifləndirmə tədbirləri aparılsa da, bu yayınmalar davam edir. Xarici ölkələrin əksəriyyətində əhali sudan istifadə zamanı ancaq lazım olan həcmdə su götürdüyü halda bizdə hələ də insanların bu sahədə maarifçilik səviyyəsi aşağıdır. Ancaq unutmamalıyıq ki, hər birimiz sudan israfçılğa yol vermədən istifadə edəriksə, dünyada susuzluqdan dünyasını dəyişən bir insanın həyatını qurtarmış olarıq.

Nigar Abdullayeva

www.palitra.net.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO