Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Kür vasitəsilə Qara və Xəzər dənizlərinin birləşdirilməsi təklif olunur

Rauf Sultanov: “Azərbaycan tranzit ölkəsi kimi yeni kanalın çəkilməsindən böyük gəlir əldə edəcək”

Xatırlayırsınızsa, keçən saylarımızın birində Rusiya ilə Qazaxıstanın Xəzər və Azov dənizlərini birləşdirmək planları barədə məlumat vermişdik. Bildirmişdik ki, onlar “Avrasiya” və “Volqa-Don-2” kanallarını çəkməklə hər iki dənizi birləşdirəcək yeni tranzit su yolu çəkmək istəyirlər. Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri Rauf Sultanov məsələ ilə bağlı fikirlərini bizimlə bölüşərək belə bir layihənin reallaşmasının ölkəmiz üçün də faydalı ola biləcəyini bildirmişdi.
Bu dəfə isə R.Sultanov yeni bir ideya ilə çıxış edərək Xəzər və Qara dənizlərini Kür çayı vasitəsilə birləşdirməyi təklif edib: “Məlum olduğu kimi Qazaxıstanla Rusiya Xəzər və Azov dənizlərini birləşdirmək üçün “Avrasiya” və “Volqa-Don-2” kanallarının çəkilməsi layihələri üzərində işləyirlər. Bu çox yaxşı bir fikir olmaqla yanaşı, çəkiləcək kanallar gələcəkdə Süveyş kanalı kimi çox faydalı bir kanala çevrilə bilərlər. Lakin hesab edirəm ki, böyük vəsait tələb edən bu kanallardan fərqli olaraq biz Xəzər və Qara dənizlərinin Kür çayı vasitəsilə birləşdirilməsi layihəsini həyata keçirə bilərik. Bu layihənin birinci əhəmiyyəti ondan ibarətdir ki, Kür çayının dərinləşdirilib genişləndirilməsi nəticəsində Kür çayında daşqınların qarşısı alınmış olacaq. İkincisi, Kürdə balıqçılığın inkişafı üçün böyük imkanlar yaranacaq, Üçüncüsü, Kürün, eləcə də ona tökülən çayların suyundan kənd təsərrüfatında, sənayedə və digər sahələrdə daha geniş istifadə etmək mümkün olacaq. Dördüncüsü, bu kanal çəkilməsi planlaşdırılan digər kanallarla müqayisədə 4-5 dəfə ucuz başa gələcək. Beşincisi, Qara dənizin suyu Xəzər dənizinə axıdılmayacaq. Belə ki, kanalda hərəkət edəcək gəmilər bir dənizdən digərinə xüsusi şlüzlər vasitəsilə keçiriləcək. Bu layihənin ən önəmli cəhəti isə ondan ibarətdir ki, Qara dənizə, dünya okeanına çıxış əldə edəcək Azərbaycanla yanaşı, Orta Asiya, Çin, Hindistan kimi Asiya ölkələri, eləcə də Avropa dövlətləri də bu kanaldan nəqliyyat dəhlizi kimi istifadə edəcəklər ki, Azərbaycan tranzit ölkəsi kimi bundan böyük gəlir əldə edəcək”.
Vaxtilə Xəzər dənizindən Tiflisə qədər az tonnajlı gəmilərin hərəkət etdiyini deyən fond sədrinin sözlərinə görə, gəmilərin hərəkəti lil çöküntülərinin çayın dibində qalmasının qarşısını aldığından Kürün Azərbaycan hissəsindəki dərinliyi gəmilərin hərəkətinə heç bir çətinlik yaratmırdı. Bu isə layihənin perspektivli olduğunu deməyə əsas verir.
R.Sultanov “Avrasiya” və “Volqa-Don-2” kanalları ilə müqayisədə çəkilməsini təklif etdiyi kanalın ətraf mühit üçün daha az zərərli olduğunu da söyləyib: “Kürdən çəkiləcək kanal digər kanallarla müqayisədə ətraf mühitə, ekologiyaya daha az ziyan vuracaq. Birincisi, ona görə ki, Azərbaycan ərazisində Kür daha az çirklənməyə məruz qalır. Kür əsasən Gürcüstan tərəfindən çirkləndirilir ki, fikrimcə, kanalın çəkiləcəyi təqdirdə Gürcüstan çirklənmənin qarşısını xeyli alacaq. İkincisi, kanala duzlu su axıdılmasının qarşısının alınması, Kürün ərazisinin genişləndirilməsi balıqların miqrasiyasına və kürüləməsinə, bütünlüklə Kürdə balıqçılığın inkişafına müsbət təsir edəcək. Ən əsası isə Kürün dərinləşdirilməsi nəticəsində daşqınların qarşısı alınacaq. Ümumilikdə baxsaq, kanalın çəkilməsinin xeyri ziyanından daha çoxdur”.
Gürcüstanın belə bir layihəyə necə yanaşacağına gəlincə, R.Sultanov hesab edir ki, rəsmi Tiflis sözügedən layihəni tam dəstəkləyəcək: “Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Azərbaycan prezidenti İlham Əliyev çox yaxşı münasibətdədirlər. Gürcüstanın keçmiş prezidenti Şevarnadze Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişini on il gecikdirdiyi halda, Saakaşvili Azərbaycanın həyata keçirdiyi layihələri dəstəkləyir, hətta birgə federasiya yaratmağı da təklif edir. Saakaşvili yaxşı dərk edir ki, əgər Azərbaycan Gürcüstanın yanında olmasa idi və ona dəstək verməsəydi bu gün Gürcüstan Ermənistandan da pis vəziyyətdə olardı. Rəsmi Tiflis öz ərazisindən neft və qaz kəmərlərinin çəkilişinə razılıq verməklə həm xeyli miqdarda gəlir əldə edir, həm də özünün neftə və qaza olan tələbatını ödəyir. Bütün bunlar Gürcüstanın Kür çayı vasitəsilə Qara və Xəzər dənizlərinin birləşdirilməsi layihəsini dəstəkləyəcəyini deməyə əsas verir. Bundan əlavə Rusiyanı çıxmaq şərtilə digər Xəzəryanı ölkələrin də belə bir layihəyə maraq göstərəcəyi şübhəsizdir. Çünki onlar, eləcə də digər Asiya və Avropa ölkələri bu kanal vasitəsilə ticari, iqtisadi və s. əlaqələrini genişləndirmək üçün yeni tranzit yolu əldə etmiş olacaqlar”.

B.CAHANDAROV

www.paritet.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO