Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İran Arazın suyuna göz dikib

Rauf Sultanov: “İranın bu addımı beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, gələcəkdə özü üçün də böyük fəsadlara yol aça bilər”

İranın hakim rejiminin zaman-zaman qəribə siyasətinin şahidi olmuşuq. Məsələn, İrəvan-Tehran dostluğu ilə yanaşı, Azərbaycana qarşı aparılan çadraaltı siyasəti də gizli qalmayıb.
Əslində, bu iki dövlətin apardığı oxşar siyasət anlaşılandır. Ermənistanın işğal etdiyi Azərbayan torpaqlarında maddi-mənəvi sərvətimizi talayıb məhv etmək siyasəti artıq Tehran rejiminə də nümunə olub. Bu günə qədər İranda milli hüquqlardan mərhum soydaşlarımıza qarşı aparılna mədəni diskriminasiya siyasəti təbiətin bu torpaqlarda yaratdıqlarına qarşı da yönəlib.
Belə ki, bu ərazidə ən böyük göl olan Urmiya gölünün qurumasına qarşı heç bir tədbir görməməsi və laqeydliyi bunun göstəricisidir. Bu hadisəni təbiətin qanunu da adlandırmaq olar. Amma illərdir qurumaq təhlükəsi ilə üz-üzə qalan gölə sahib çıxan tapılmadığından artıq 60 faiz ərazi tamamilə yoxa çıxıb.
Qeyd edək ki, Cənubi Azərbaycanda yerləşən bu göl dünyanın ikinci ən böyük duzlu gölü olduğu üçün YUNESKO-da təbii xəzinə kimi tanınır. Göl səthinin sahəsi 4,868 kvadrat kilometirdir. Maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə isə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 metr olan göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın nəvəsi Hülaki xanın qəbri yerləşir. Gölə 5 çay-Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay tökülür. Bu qədər çayın tökülməsinə baxmayaraq, hazırda göl quruyur. Quruma təhlükəsi isə 1999-cu ildən başlayıb. Son 11 ildə gölün səviyyəsi 5 metr 27 santimetr azalıb. Prosesin sürətlə davam etməsi nəticəsində suda şorluq dərəcəsi hər litr üçün 300 qram artıb. Gölün bəzi yerlərində böyük duz qayaları əmələ gəlib. Quruma nəticəsində, artıq gölün əsas 9 adasından 5-i quruya birləşib. Son prezident seçkisindən qabaq Mahmud Əhmədinejadın başçılığı ilə Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da, gölün qurumasının qarşısının alınmasında əməli iş görülməyib. Köçəri quşların gözləmə məntəqəsi sayılan bura artıq onların da həyatı üçün təhlükələr yaradır. Çöl qızıl qazı və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Gölün quruması bitkilərə də mənfi təsir göstərir. Məlumat üçün bildirək ki, gölün ərazisində 546 növ bitki mövcuddur.
Urmiya gölünün qurumasına səbəb kimi isə mütəxəssislər Tehranın bu istiqamətdə yalnış addımlarını vurğulayırlar. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və görülən digər tədbirlər quruma prosesini sürətləndirir. Görülən işlər üzündən hazırda suyun səviyyəsi 7 metrə qədər aşağı düşüb. Bu isə normadan 2 metr aşağıdır. Eyni zamanda küləklər vasitəsilə ətrafa yayılan duzlar əkin sahələrini yararsız hala salmaqla yanaşı, insanların da səhhətinə zərərlidir.
İran rejimi isə, yalnışını düzəltmək üçün, əməli addımlar atmaq qərarına gəlib. Qeyd edək ki, bundan qabaq İranın Kənd Təssərüfatı Nazirliyinin layihəsi əsasında Xəzər dənizinin suyunun gölə axıdılması nəzərdə tutulurdu,amma bu layihə olaraq qaldı. Gölün qurumasının qarşısını almaq üçün bu dəfə İran parlamenti yeni qərar qəbul edib. “Trend”in İSNA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran parlamentinin İnteqrasiya komissiyası Araz çayında Urmiya gölünə su kanalı çəkilməsi qərarına gəlib. Bu barədə İranın Şərqi Azərbaycan əyalətinin başçısı Əlirza Beygi bildirib. Onun sözlərinə görə, Mərənd və Şəbüstər şəhərlərindən keçəcək yeni su kanlanının inşası üçün artıq 2,5 milyon manat vəsait ayrılıb. Yeni layihəyə görə, Araz çayından gölə 600 milyon kubmetr su axıdılacaq.
Maraqlı olansa, İran hökümətinin Urmiya gölünə axan 5 çayın qarşısına öz məqsədləri üçün bənd vuraraq, gölün xilası üçün Arazın suyunda istifadə etməsidir. Hər halda, bu qədər vəsait xərcləyib yeni kanal inşa etməkdənsə, təbii kanalların yolunu açmaq daha məqsədəuyğundur. Digər tərəfdən Türkiyənin Ərzurum dağlarından başlayaraq, Ermənistandan keçib, Azərbaycana daxil olan Araz çayı üzərində yeganə sərəncam hüququ İrana aid deyil. Transsərhəd çayı olduğundan bu çaydan yeni kanal çəkmək çayın sululuğunu azaltmaqla yanaşı, beynəlxalq konvensiyalara da ziddir. Belə ki, rəsmi Tehran yeni layihəsini reallaşdırmaq üçün, nə Azərbaycandan, nə də Türkiyədən bu barədə icazə almayıb. Beynəlxalq konvesiyalara görə, bir neçə ölkənin ərazisindən keçən çaylardan istifadə zamanı digər ölkələrin maraqlarını da nəzərə almaq lazımdır. Bununla yanaşı, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatı dünyada gedən səhralaşma prosesinin qarşısını almaq məqsədilə tədbirlər planı hazırlayıb ki, həmin plana görə, hər bir dövlət ərazisindən keçən çaylardan istifadə zamanı həmin çaylara pay sahibi olan digər dövlətlərlə razılığa gəlməlidir.
Azərbaycan Ekologiya Standartlarının Monitorinqi İctimai Birliyinin sədri Rauf Sultanov qəzetimizə açıqlamasında bildirib ki, İranın bu planı BMT-nin məlum qərarına ziddir: “Bu gün dünyada ən böyük problemlərdən biri landşaftların səhralaşmasıdır. Dünyada səhralaşmış torpaqların ümumi ərazisi 33-34 faiz təşkil edir. Avstraliyada bu 83 faiz, Afrikada isə 59 faizdir. Cənubi Amerikada 8 faiz, Avropada isə bu 1 faiz təşkil edir. Bu onu göstərir ki, bu gün səhralaşma problemi qlobal məsələdir. Bu prosesin sürətlənməsi dünyanın diqqətini ona yönəltdi. BMT-nin 1977-ci ildə səhralaşmaya qarşı mübarizə planı qəbul edilib. Bəzi ölkələrdə isə milli fəaliyyət planı hazırlanıb. Bu problemə qarşı aparılan mübarizələrdən biri də BMT-nin qərarı ilə qonşu dövlətlər bir dövlətin ərazisindən keçən hər hansı çayın qarşısını almamalıdır. Əslində səhralaşmanın əsas səbəblərindən biri bu faktordur. İranın bugünkü addımı BMT-nin məlum qərarının əksinədir”.
Onun sözlərinə görə, bu yalnız beynəlxalq miqyasda ekspertlərin iştirakı ilə həyata keçirilə bilər ki, o da təkcə Arazın sululuğunun artdığı zamanlarda Urmiya gölünə axıdıla bilər, əks təqdirdə bu həm beynəlxalq konvensiyala ziddir, həm də dövlətçiliyə yaraşmayan addımdır.
Qeyd edək ki, belə bir təcrübəyə əsasən Azərbaycanla Rusiya sərhədində yerləşən Samur çayından istifadə zamanı hər iki tərəf beynəlxalq hüquq normalarını əsas tutaraq çaydan birgə istifadəylə bağlı saziş imzaladılar. Tehran rejimi isə nəinki beynəlxalq normaları yada salmır, heç digər ölkələrin fikirlərini belə öyrənmək istəmir. Nəzərə alsaq ki, Araz çayı İranın qanuni ərazilərindən ümumiyyətlə keçmir, Tehranın bu addımı beynəlxalq hüquq normalarla yanaşı, digər ölkələrin ərazi bütövlüyünə müdaxiləsi kimi də qiymətləndirmək olar. Amma deyəsən xomeynist rejim üçün heç bir hüququn, yaxud qanunun fərqi yoxdur.
R.Sultanov hesab edir ki, İranın bu addımı gələcəkdə digər qonşu olan dövlətlərin, Türkiyə, Ermənistan, Rusiya və Gürcüstanın da bu yolu tutmasına şərait yarada bilər. Çünki Azərbaycan elə dünyanın nadir ölkələrindəndir ki, ərazisindəki suların 3/2 hissəsi kənar ərazilərdən gəlir. Ona görə də, İranın və digər ölkələrin belə bir vasitəyə əl atması Azərbaycan üçün çox böyük problemlər yarada bilər: “Belə bir proses gələcəkdə ərazilərin səhralaşmasına, respublikanın kənd təsərrüfatı məhsullarının azalmasına və iqtisadi cəhətdən çökməsinə səbəb ola bilər. Ona görə də vaxtında bu məsələnin qarşısı alınmalıdır. Çünki bu gün İran belə bir addım atarsa, sabah Ermənistan, daha sonra isə Türkiyə də bu addımı ata bilər. Eyni zamanda, Gürcüstanın su problemi olmasa da, o da belə bir addım ata bilər. İran bunu edirsə, Dağıstandan Rusiya da Azərbaycana gələn suların qarşısını kəsə bilər. Bu xırda işlər gələcəkdə böyük işlərin həyata keçməsinə təkan ola bilər”.
Ekspert bunun qarşısının alınması üçün respublika alimlərinin bir yerə toplanaraq problemi qabartmalı və beynəlxalq təşkilatlar da buna münasibətini bildirməli olduğu vurğulayıb. Onun sözlərinə görə, digər tərəfdən Urmiya gölünə Araz suyunun axıdılması İranın özü üçün də problemlər yarada bilər: “Çünki Araz çayı keçdiyi ərazidə müəyyən torpaqların səhralaşmasının qarşısını da alır. Suyun gölə axıdılmaması birbaşa olaraq kiçik fəsadlar törətsə də, axıdılması dolayı yolla böyük fəsadlara səbəb ola bilər. İstər-istəməz səhralaşma problemi İranın özünü bürüyə bilər”.
İranın Urmiya gölünə tökülən 5 çayın qarşısına bənd vurmasına gəlincə R.Sultanov bildirib ki, gölə axan çayların qarşısına bənd vurularaq onların suyundan əkin sahələri üçün istifadə, gölün suyunun azalmasına və qurumasına səbəb olur: “Bənd vurmaq olar, amma yalnız Su Elektrik Stansiyaları üçün. Necə ki, Azərbaycanda Mingəçevir SES-nın fəaliyyət göstərməsi üçün Kür çayına bənd vurulub və onun suyu yenidən çaya axıdılır. Yəni burda çayın sululuğuna ziyan vurulmadan elektrik enerjisinin alınmasında istifadə edilir. Amma İran birbaşa öz əkin sahələri üçün çayın qarşısını alaraq əvəzində Urmiya gölünə Arazdan kanal çəkirsə bu, hüquq normalarına uyğun deyil. Eyni zamana bu göl beynəlxalq statusa malik bir göldür”.
Ekspert qeyd edib ki, İran qonşu respublika ilə məsləhətləşmədən belə bir hərəkət edərsə buna qarşı Azərbaycan höküməti tədbir görə bilər. Belə ki, Azərbaycan Araz çayının istiqamətini dəyişdirərsə, İranın bu çay üzərindəki SES-ləri iflic vəziyyətinə düşə bilər: “Bu zaman İran tərəfi öz etirazını bildirəcək. Onlara bildirmək lazımdır ki, siz bu addımı atırsınızsa biz də buna qarşı belə bir adım ata bilərik. Tehran anlamalıdır ki, bu addım gələcəkdə onların özləri üçün problemlər yaradacaq”.

Asif NƏRİMANLI

www.paritet.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO