Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

ETSN rəsmisi: “Artıq təbiət özünü tənzimləyə bilmir “

Qədimlərdə 1000 ildə baş verən istilik, indi 100 ildə baş verir.
Artıq qlobal iqlim dəyişikliyi Azərbaycanda öz təsirini göstərir. Elə son günlərdə yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.), bəzi yerlərdə kəskin istilər bunun ən real nümunəsidir. Görəsən, iqlim dəyişikliyinin səbəbi nədir, bunun qarşısını almaq olarmı və bu dəyişikliklər bəşəriyyətə nə vəd edir?
Bu suallara Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovanın ANS PRESS-ə müsahibəsində cavab tapa bilərsiniz:

-İqlim dəyişikliyi deyəndə nə başa düşülür?

-İqlim dəyişikliyi deyəndə Yer səthində enerji balansının pozulması nəzərdə tutulur. Günəşdən Yerə nə qədər enerji daxil olursa, bir o qədər də enerji Yerdən qayıtmalıdır. Əgər qayıtmırsa, deməli, həmin enerji Yerdə qalır. Hökumətlərarası qrupun 2007-ci ildə çap etdiyi IV hesabatda bunun miqdarı da göstərilir, belə ki, Yer səthinin 1 kvadratmetrində 1.6 vatt artıq Günəş enerjisi qalır. Həmin enerji Yerin səthi hamar olmadığından qeyri-bərabər paylanır və həm okeanların, həm də yer səthinin qızmasına səbəb olur. Okeanların qızması da gətirib ona çıxarır ki, oradakı cərəyanlar, axınlar və siklonların formalaşması başqa xarakter alır. Gücü daha çox olur, əmələgəlmə yeri dəyişir.
Yerin səthində isə enerjinin qeyri-bərabər paylanması bir yerdə daha çox istilərin düşməsi, digər yerdə soyuq olması, daha güclü yağış və küləyin əsməsinə və yaxud da əksinin olmasına gətirib çıxarır.

-Son zamanlar Azərbaycanda palçıqlı yağışlar mütəmadi hal alıb.

-Yer səthindən atmosferə nə qədər su buxarlanırsa, kondensasiya olunub yenidən yağış şəklində Yerə qayıdır. Bu zaman atmosferdə nə qədər çirkləndirici maddələr varsa, yağış damcıları kondensasiya olunan zaman onları özündə birləşdirir və nəticədə Yerə düşür. Bu çirklənmənin özü də qeyri-bərabər paylanıb. Yer kürəsi firlanır, eyni zamanda atmosferin yuxarı qatındakı axınlar da planet ətrafında dövr edir. Bu baxımdan çirkli yağışın yağması təəccüblü deyil. Əvvəllər də belə hallar olub. Hətta qurbağa yağması da müşahidə olunub. Amma son zamanlar bu, nisbətən artıb, tez-tez baş verir.
Bu həm də insanlarının sayının artması ilə əlaqədardır. İnsan çox olduqca onun enerji tələbatı artır, yandırılan yanacaq artır və Yer səthinə təzyiq daha çox olur. Yer səthi əvəllər də qızırdı, yəni artıq enerji o zamanlarda da Yerdə qalırdı. İndi səhralaşmanın olması, meşələrin qırılması və sairə bunu daha da sərtləşdirir.

-Bəzi alimlər artıq Günəşdə aktivliyin azaldığını və buz dövrünün yaxınlaşdığını deyirlər

-İqlim dəyişikliyi hər zaman olub. Məsələn, deyə bilərəm ki, əvvəl böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. 125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi.
İndi istiləşmə dövrünü yaşayırıq. 2012-ci ilə qədər Günəşin aktiv fazasıdır. İstiləşmə dövrü son 20-30 ildir davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə müxtəlif alimlər müxtəli cür izah edir. Hətta bəziləri deyir ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik, bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə tam inkişaf etməyib ki, bu suala tam çavab tapsın.

-İqlimin dəyişməsinə səbəb olan həm təbii, həm də süni səbəblər var. Bunlar hansılardır?

– Düzdür, burada həm təbii, həm də süni səbəblər var. Antropogen səbəblərdən biri istilik yaradan qazlardır. Yanacağın Yerdə yandırılması atmosferə karbon qazı və su buraxır. Bundan başqa 1950-ci illərə qədər bizdə ümumiyyətlə atmosferdə karbon-flor-xlor birləşmələri müşahidə olunmayıb. Son illərdə isə bunlar sürətlə artmağa başlayıb. İndi hidro xlor, flor karbonlar yeni əvəzedicilərdir ki, onların kosentrasiyası artıq artmağa başlayıb. Bunlar istilik yaradan qazlardır. Son 100 ildə karbon qazının konsentrasiyası 1.4, azotunku 1.7 dəfə artıb. Yəni bu qazların atmosferdə artması temperaturun artmasına uyğun gəlir. Bu səbəbdən də alimlər bunları səbəblər sırasına daxil edir. IV hesabatda göstərilir ki, Yerdə qalan 1.6 vatt enerjinin 0.33 vatt kvadratmetri təbii amillərin nəticəsidir. Yerdə qalan hissəsi (1.27) isə antropogen qazların təsiridir.
Əvvəllər təbiət öz-özünü tənzimləyirdi. Lakin indi süni yaranan qazlar nəticəsində tənzimlənmə yaxşı olmur. Bu da temperaturun 20 dərəcə çox olmasına səbəb olur. Əgər o qazlar olmasaydı, indi Yer səthinin temperaturu hazırkından 20 dərəcə aşağı olacaqdı. Yəni biz Yer kürəsinə təsirləri artırmasaq, o özü-özünü tənzimləyə bilir.
Yerdə həmişə növlər dəyişib, quraqlıq olub, səhralaşma olub, meşələr əvvəllər çox olub sonra səhralıq olub, Afrikadakı Böyük səhra bir zamanlar meşəlik olub, amma indi ucsuz-bucaqsız səhradır. Göründüyü kimi Yerdə dəyişikliklər olub. Sadəcə olaraq qədimdə Yerdə 1 dərəcə istiliyin artması 1000 ilə baş verirdisə, indi 100 ildə baş verir.

-Hazırda Qlobal istiləşmə ortalama nə qədərdir və nə qədər olması gözlənilir?

– Orta illik temperaturun artması ilə bağlı 150-yə kimi müxtəlif ssenarilər var. O ssenarilərin hamısında iqtisadiyyat və sənayenin müxtəlif inkişafı və sair məsələlər nəzərə alınmaqla 4 iqtisadi ssenari üzrə 150 modellə hesablamalar aparılıb. Bütün modellərdə göstərilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1.5 dərəcə, 2100-cü ilə qədər isə 4.6 və hətta 6 dərəcəyə qədər arta bilər. Son yüz ildə temperatur 0.8 dərəcə, son on ildə isə 0.2 dərəcə artaraq 1 dərəcəyə çatıb.

-İstiləşmənin qarşısını necə almaq olar, nə kimi tədbirlər görülür?

-Bu elə böyük bir şeydir ki, qarşısını almaq mümkün deyil. Bizim prioritetimiz buna uyğunlaşmaqdır. Amma müəyyən tədbirlər də görmək olar. Bir faktı nəzərinizə çatdırım. Hazırda meşəlik ərazi ilə meşə olmayan yerdə 2 dərəcə temperatur fərqi var. Çalışırıq ki, gələcəkdə, 2050-ci ilə qədər ölkədə meşələrin sahəsini 20-25 faizə qədər çatdıraq. Bununla istiliyi 2 dərəcə aşağı salmış olarıq. Gələcəkdə alternativ energiyə keçid bu sahədə çox lazımlı bir proses olacaq. Çayların üzərində SES-lərin tikilməsi həm enerji hasilinə imkan verər, həm də daşqınların qarşısını almağa kömək edər. Daha bir tədbir kimi quraqlığa davamlı bitkilərdən Azərbaycanda istifadəni genişləndirmək lazımdır.

-Qlobal istiləşmə dünyaya və Azərbaycanda nə vəd edir?

-İngiltərənin “EDDI” mərkəzi var, həmin mərkəz Dünyanın xəritəsini hazırlayıb. Orada temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Cin yarımadası, Cənubu Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları və ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizə o təsirlər ən minimal səviyyədə olacaq. Əsasən ada dövlətləri su altında qala bilər, sahil zonalarında tufanlar daha kəskin xarakter almağa başlayıb və təhlükə qarşısındadırlar. Bir də ki, seysmik zonalar təhlükə qarşısındadır.
Müsahibənin sonunda Gülmalı Müəllim bildirdi ki, əvvəllər insanlar, canlılar o qədər də çox deyildi, ətraf mühitə təsiri bu qədər deyildi və ona görə də təbiət öüz-özünü tənzimləyə bilirdi. İndi isə sadəcə olaraq təbiət özünü tənzimləyə, özünü normaya sala bilmir. Bunu yenidən bərpa etmək üçün insanlar təbiətə təzyiqi azaltmalıdırlar…

www.ans.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO