Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümünə başlanılmışdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümünə başlanılmışdır.
Müəssisənin direktoru Oqtay Məmmədov  bildirmişdir ki, qiymətli balıq növləri yetişdirən Qəbələ Qızıl Balıqartırma Zavodunda Kür qızıl balığı və əlvan formalı qızılı balıq, yəni farel yetişdirilir. 1956-cı ildə istifadəyə verilən Qəbələ Qızıl Balıqartırma Zavodu hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir.
Hazırda bu müəssisədə qızıl balıqların artırılması sahəsində işlərin qızğın çağıdır. Zavodun mütəxəssisləri ana balıqdan götürdükləri kürünü erkək balıqlardan əldə edilən maya ilə xüsusi qablarda qarışdırırlar. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Qızıl balıqları mayalandırma prosesi qaranlıq yerdə aparılır və kürü bir saatdan sonra yuyularaq təmiz suya tökülür. Kürüdən çıxandan sonra zavodda üç fazada inkişaf dövrünü yaşayan xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hovuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yerdə yetişdirilən “Alaxet” qurdları ilə bəslənilir. Həmçinin balıqlara yerli ət məhsullarından hazırlanan kompleks qida verilir. Onların qida rasionuna qurd süfrəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.
Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri də bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu qızıl balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər. Qəbələ Qızıl Balıqartırma Zavodunun su mənbəyi Qəbələ çayından və təbii bulaqlardan götürülür. Zavoda gələn suyun temperaturu 12-18 dərəcədən yüksək olmur və kifayət qədər oksigenə malikdir. Bu da balıqların sağlam şəkildə yetişdirilməsinə imkan verir. Yırtıcı sayılan qızıl balıqların yetişdirilməsi prosesi digər balıqlardan xeyli fərqlidir. Çəkisi nisbətən çox olan qızıl balıqlar xırdaları yediyi üçün onlar ayda bir dəfə seçilir və ayrı-ayrı kanallara yerləşdirilir.
Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir. Su hövzələrində qızıl balıq ehtiyatının artırılması üçün ötən on gün ərzində bu zavodda 110 mindən çox sağlam kürü əldə edilərək yetişdirilməsinə başlanılmışdır. Müəssisənin mütəxəssisləri yanvarın ortalarınadək 200 mindən çox kürü götürməyi planlaşdırırlar. Zavodda balıqlar bir il ərzində yetişdirildikdən sonra Qaradağ rayonunda yerləşən Xəzər dəniz təcrübi balıqartırma zavoduna verilir. Qızıl balıqlar orada şirin sudan duzlu suya uyğunlaşma dövrünü keçirlər. Çəkisi daha çox artan balıqlar elə həmin ərazidən Xəzər dənizinə buraxılır. Hər ilin mayında Xəzəryanı dövlətlərin nümayəndələrindən ibarət birgə komissiyanın iştirakı ilə Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən qızıl balıqlar yoxlanılır və çəkisi, rəngi və uzunluğu dövlət standartına uyğun gələn balıqlar komissiyanın rəyi əsasında Xəzər dənizinə buraxılır. Qəbələdəki balıqartırma zavodu tərəfindən son 15 ildə 750 mindən çox qızıl balıq yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılmışdır. Balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.
Azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO