Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

13 oktyabr 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib. İclasda dörd məsələ – Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentləri üzrə 2015-ci ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. 
Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir H.Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair son müşavirəsində ölkə başçısının səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması, tapşırıq və göstərişlərin yerinə yetirilməsi, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı nazir ciddi tapşırıqlar verib.
Gündəlikdə duran məsələlər barədə əvvəlcə Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru X.Hüseynov çıxış edib, ötən dövr ərzində departament tərəfindən görülmüş işlərin yekunu, qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Meşə sahələrinin artırılması və bərpası istiqamətində 2015-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktoru Ş.İsmayılovun çıxışı dinlənilib. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru V. Cavadov xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi sahəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru R.Həsənov isə cari ilin müvafiq dövründə balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, o cümlədən müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin yetişdirilərək Xəzər dənizinə və ölkənin digər su hövzələrinə buraxılması haqqında məruzə edib.
Dinlənilən məruzələrlə bağlı müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə bərabər nöqsanlar da qeyd olunub. O cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib. Nazir H.Bağırov bir neçə tabeli qurum rəhbərinə irad və xəbərdarlığını bildirib. Ölkə Prezidentinin son müşavirədə verdiyi tapşırıqların təcili icrasını və kollegiyaya təqdim olunan qərar layihəsinin dəyişdirilərək göstərilən bütün irad və xəbərdarlıqların yenidən kollegiya iclasının qərar layihəsinə salınmasını tapşırıb.
Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO