Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Tərtərdə 140 hektar sahədə intensiv meyvə bağları salınır

Tərtər rayonunun Xoruzlu kəndində intensiv meyvə bağları salınır. “Aqropat” MMC tərəfindən yaradılan bağçılıq təsərrüfatında müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilir, damcı suvarma sistemi qurulur.

Təsərrüfatın aqronomu Çərkəz Səfərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bağların salınmasında İspaniya və Hollandiyadan dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib.

Hazırda 140 hektara yaxın ərazidə İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilir. Müqaviləyə əsasən tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 2,5 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Təsərrüfatda istehsal olunan məhsullar yerli bazarlara çıxarılmaqla yanaşı, xaricə də ixrac ediləcək.

Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min şam ağacı əkilib. Təsərrüfatdaxili yollara çınqıl tökülərək hamarlanıb. Bağın ərazisinə 1200 ton peyin, həmçinin gübrə verilib. Bağda ağacların suvarılması damcı üsulu ilə həyata keçiriləcək. Bunun üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Hazırda suvarma sistemi qurulur.

Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatı əhalinin ekoloji cəhətdən təmiz meyvə məhsulları ilə təmin olunmasına öz töhfəsini verəcək. Təsərrüfatda 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunacaq.

Gələcəkdə təsərrüfatın daha da genişləndiriləcəyini deyən Ç.Səfərov bildirib ki, növbəti illərdə daha 40 hektarda meyvə bağının salınması, məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşa olunması nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO