Azərbaycan AŞPA-da Ermənistanı "döymək"də israrlıdır » Azecology
logo

Azərbaycan AŞPA-da Ermənistanı "döymək"də israrlıdır

Azərbaycan AŞPA-da Ermənistanı "döymək"də israrlıdır

Azərbaycan AŞPA-da Ermənistanı "döymək"də israrlıdır

 

Azərbaycan Avropa Şurası Parlament Assambleyasında Ermənistana qarşı qəbul edilməyən qətnamə layihəsini yenidən müzakirəyə çıxaracaq.

Bunu Milli.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AŞPA-da yanvarın 25-də "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı sənəd əsasında Ermənistana qarşı qətnamənin qəbul edilməsinin ermənipərəst qüvvələr tərəfindən əngəllənməsini şərh edərkən deyib.

XİN rəsmisi bildirib ki, təəssüf ki, yanvarın 25-də AŞPA-da Ermənistana qarşı hazırlanmış qətnamə layihəsi cüzi səs fərqi ilə qəbul edilmədi. Buna baxmayaraq, sənəddə müəyyən dəyişikliklər edilməklə o, yenidən müzakirəyə təqdim ediləcək:

"Prosedur qaydalara uyğun olaraq, sənəddə müxtəlif modifikasiyalar edilməklə qarşıdan gələn sessiyalarda da onun yenidən gündəmə gətirilməsi, müzakirə edilməsi və qətnamənin qəbul edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Qeyd edək ki, AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsi olub. Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən içməli sudan məhrum edilmişlər" adlı hesabat müzakirə edilərək onun əsasında qətnamə qəbul olunub. AŞPA-nın Siyasi məsələlər komitəsi adından britaniyalı parlamentari Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədi əsasında qətnamənin qəbulu isə ermənipərəst qüvvələr tərəfindən əngəllənib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər isə bitərəf qalıb.

 

Milli.az

Tarix: 29-01-2016, 13:52 | Oxunub: 219 dəfə | Kateqoriya: Xəbərlər, Ölkədə, Qarabağ