Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına cərimələr təsdiq edildi » Azecology
logo

Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına cərimələr təsdiq edildi

Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına cərimələr təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 11 noyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

 

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 253.4-cü və 253.5-ci maddələr əlavə edilir:

 

“253.4. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -

 

fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.

 

253.5. Bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta:

 

253.5.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -

 

fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.

 

253.5.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -

 

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

 

253.5.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -

 

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”;

 

“Qeyd” hissəsi aşağıdakı redaksiyada verilir:

 

“Qeyd:

 

1. Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

2. Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.

 

3. Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.”.

 

Aşağıdakı məzmunda 253-1-ci maddə əlavə edilir:

 

“Maddə 253-1. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması

 

253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni:

 

253-1.1.1. mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına;

 

253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə;

 

253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

 

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

 

253-1.2. Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni:

 

253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə;

 

253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə -

 

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

 

253-1.3. Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə -

 

fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.

 

253-1.4. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -

 

vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.”.

 

Trend.az

Tarix: 22-12-2016, 01:26 | Oxunub: 158 dəfə | Kateqoriya: Xəbərlər