AMEA: Bu güclü külək 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri ola bilər » Azecology
logo

AMEA: Bu güclü külək 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri ola bilər

AMEA: Bu güclü külək 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri ola bilər

Azərbaycanda gözlənilən proqnoz özünü doğruldarsa, bu gün və sabah müşahidə ediləcək güclü külək hazırkı dövr üçün 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri olacaq.

 

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

 

Bu gün və sabah güclü küləyin gözlənildiyini deyən M.Həsənov bildirib ki, Qrelandiya, Skandinaviya adaları üzərində formalaşan hava kütlələri Azərbaycan ərazisinə qərbdən daxil olur: "Azərbaycan ərazisində hava bir necə gün isti olduğundan atmosfer təzyiqi xeyli endi. Həmişə külək atmosfer təzyiqi çox olan yerdən az olan yerə gəlir. Azərbaycanda da atmosfer təzyiqi endiyindən bu külək ölkəyə daxil olub. Atmosfer təzyiqi arasındakı fərq nə qədər çox olarsa, külək də bir o qədər sürətli olur".

 

Onun sözlərinə görə, bu gün ərzində şimal-qərb istiqamətli bu küləyin sürətinin getdikcə güclənəcəyi gözlənilir: "Güclü külək yalnız Bakıda və Abşeron yarımadasında müşahidə edilməyəcək. Külək qərb - Qazax, Tovuz rayonlarından başlayaraq, güclənəcək. Güclü külək Bakıda, Xəzər dənizində də müşahidə ediləcək. Küləyin gücü müəyyən qədər artıq – adi haldan bir qədər çox olacaq. Belə güclü külək bu dövr üçün o qədər də gözlənilən külək deyil. Bu dövrdə, yəni martın son günlərində - aprelin ilk günlərində yağıntının olması təbii haldır, ancaq belə güclü külək hazırkı dövr ərzində 8-10 ildə bir dəfə olur. Təbii ki, bu, gözlənilən proqnoz özünü doğruldarsa, yəni küləyin gücü saniyədə 30-35 metr sürəti ilə olarsa, olacaq".

 

M.Həsənov deyib ki, güclü külək bu gecə də davam edəcək: "Sabah səhərdən küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir".

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünən yaydığı xəbərdarlığa görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 

Trend.az

Tarix: 31-03-2017, 02:50 | Oxunub: 123 dəfə | Kateqoriya: Xəbərlər