Kür və Araz çayında spesifik çirkləndiricilərin miqdarı normadan dəfələrlə yüksək olub » Azecology
logo

Kür və Araz çayında spesifik çirkləndiricilərin miqdarı normadan dəfələrlə yüksək olub

Kür və Araz çayında spesifik çirkləndiricilərin miqdarı normadan dəfələrlə yüksək olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.

 

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprel ayının üçüncü ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının ikinci ongünlüyünə nisbətən saniyədə 40 kubmetr artaraq saniyədə 362 kubmetr təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

 

Aprel ayının üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1.8, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib.

 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

 

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.47-7.20 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

AZƏRTAC

Tarix: 3-05-2017, 02:28 | Oxunub: 58 dəfə | Kateqoriya: Xəbərlər